İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artisti və İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib.
Azərbaycan.media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Mais Nuriyev Milandakı “Aida” və “Orizon” Rəqs Akademiyasının, həmçinin Milan Konservatoriyasının professoru olub. O, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi və Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.
Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi və milli dəyərlərimizi İtaliyada və digər ölkələrdə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onun tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irsini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb.
Xoreoqraf İtaliya ictimaiyyətində də böyük nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün möhkəmlənməsində ciddi rol oynayıb və Azərbaycan üçün yeni dostlar qazanıb.
Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

