🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

25 oktyabr – Qubadlının azad olunduğu və qəhrəmanlıqla yadda qalan tarixdir

25 oktyabr xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi günlərdən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun igidliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci il 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad olunub.

Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım açıqlama verib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu əlamətdar gün rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis edilib. Onun sözlərinə görə, bu qərar təkcə bir rayonun deyil, bütövlükdə Qarabağın dirçəlişinin və Azərbaycanın suverenliyinin təntənəsinin rəmzidir.

Fatma Yıldırım qeyd edib ki, Qubadlının azad olunması 44 günlük Vətən müharibəsində mühüm dönüş nöqtələrindən biri olub və Böyük Qələbəni bir qədər də yaxınlaşdırıb. “Ulu torpaqlarımıza həyat qayıtdı, Qubadlıya onun qəhrəman övladları döndü”, – deyə deputat vurğulayıb.

Millət vəkili bildirib ki, Qubadlı uğrunda döyüşlərdə Azərbaycan əsgəri yüksək peşəkarlıq, fədakarlıq və vətən sevgisi nümayiş etdirib. Düşmənin güclü istehkamlar qurduğu strateji yüksəkliklər mərdliklə ələ keçirilib və nəticədə Qubadlı şəhəri düşməndən tam azad olunub.

Deputat əlavə edib ki, bu qəhrəmanlıq dövlət səviyyəsində yüksək qiymətləndirilib – 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə 15 mindən çox hərbi qulluqçu təltif olunub.

Fatma Yıldırım həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qubadlı rayonunda “Böyük Qayıdış” proqramı çərçivəsində geniş bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlının Baş planı təsdiqlənib, “Qubadlı” yarımstansiyası istifadəyə verilib, sürətli internet infrastrukturu yaradılıb. Mahruzlu və Zilanlı kəndlərində müasir yaşayış layihələri icra olunur, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları inşa edilir, “Qubadlı” gömrük postu yaradılıb.

“Bu layihələr dövlətimizin diqqət və qayğısının, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bariz göstəricisidir”, – deyə deputat qeyd edib.

Fatma Yıldırım 25 oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə bütün qubadlılıları, eləcə də qəhrəman əsgər və zabitləri səmimi-qəlbdən təbrik edərək onlara əmin-amanlıq və rifah arzulayıb.