🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qubadlının işğaldan azad edilməsindən 5 il ötür – 25 oktyabr Qubadlı Şəhəri Günü qeyd olunur


Azərbaycan.media xəbər verir ki, bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başladığı Vətən müharibəsi çərçivəsində həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində oktyabrın 25-də Qubadlı şəhərini erməni işğalından azad edib.

Cəbrayıl və Zəngilan istiqamətlərində aparılan sürətli və dəqiq əməliyyatlar ordumuzun Qubadlı rayonunun inzibati sərhədlərinə daxil olmasına şərait yaradıb. Şiddətli döyüşlər nəticəsində düşmənin müqaviməti qırılıb, Ermənistan ordusuna ağır zərbə vurulub, çoxlu sayda hərbi texnika və canlı qüvvə məhv edilib.

Oktyabrın 26-da Prezident İlham Əliyev xalqa müraciətində Qubadlı şəhərinin azad olunduğunu elan edib. Dövlət başçısı, həmçinin, həmin gün Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin də işğaldan azad edildiyini bəyan edib.

Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri olub. Bu əməliyyat Azərbaycan Ordusunun cəsarətini, peşəkarlığını və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini bir daha nümayiş etdirib.

Sonradan Prezident İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlının azad edilməsində iştirak edən, şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçular bu medalla təltif olunublar.

Dövlət başçısının digər Sərəncamına əsasən, 25 oktyabr tarixi “Qubadlı Şəhəri Günü” kimi qeyd olunur.

Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi, dini və mədəni abidələr vandalizmə məruz qalmış, təbiətə qarşı da ekoloji terror törədilmişdi.

Bu gün isə azad Qubadlıda həyat yenidən canlanır – dövlətin diqqət və qayğısı ilə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.