🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sosial yardım məbləği artırılır

Azərbaycan.media xəbər verir ki, 2026-cı ildən etibarən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni ehtiyac meyarı ünvanlı sosial yardımın məbləğinin artırılması və bu yardıma müraciət imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu dəyişiklik nəticəsində gələn ildən vətəndaşların ünvanlı sosial yardım çərçivəsində aldıqları aylıq vəsait artacaq. Eyni zamanda, ehtiyac meyarının yüksəldilməsi daha çox aztəminatlı ailənin dövlət yardımına müraciət edə bilməsinə şərait yaradacaq.

İqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov məsələyə münasibət bildirərək qeyd edib ki, ehtiyac meyarının artımı konkret olaraq ailələrin aldığı sosial yardım məbləğinə birbaşa təsir göstərəcək:

“Məsələn, 5 nəfərlik ailənin rəsmi aylıq gəliri 900 manatdırsa, bu il üçün həmin ailə üzrə ehtiyac meyarı 1425 manat (5 nəfər × 285 manat) hesablanır. Gəlir və xərclər arasındakı fərq 525 manat təşkil edir və ailə ayda bu məbləğdə dövlət yardımı ala bilir. 2026-cı ildən ehtiyac meyarı 1500 manata (5 nəfər × 300 manat) yüksələcək, nəticədə həmin ailənin gəliri dəyişməsə belə, aldığı yardım 600 manata (1500 – 900) çatacaq”.

Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu baxımdan, ehtiyac meyarının artımı sosial dəstəkdən yararlanan ailələrin sayına və aldıqları yardımın miqdarına müsbət təsir göstərəcək.

Mənbə: Azərbaycan.media