🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ən böyük arzusu Şəhidlik olan igid əsgər

 

 

 

Böyük Vətən Müharibəsi!…

Çətinliklə, həyacanla, şərəflə başa vurduğumuz 44 gün… Bu müddət ərzində tarix yazan igid oğullarımız…

Onlar təxminən 28 ildən bəri işğal altında olan torpaqlarımızı azad etdilər. Qışın şaxtasında, gecənin ayazında yoruldum demədən isti ürəklə, qəlblərində Vətən sevgisi inamla irəlilədilər. İllərlə yol gözləyən doğma torpaqlarımızı bizə qaytardılar. Hər kənd, hər rayon müzəffər Ordumuz tərəfindən işğaldan azad edildikcə, bütün xalq bayram edirdi. Şuşanın işğaldan azad edilməsi günü isə sevincimizin həddi-hüdudu yox idi. Həmin gün yazmışdım:

Qanımızdan qutsal toprağa qatdıq,

Biz qələbə dolu tarix yaratdıq,

Çatdıq evimizə, Şuşaya çatdıq,

Vətən, gözün aydın, El, gözün aydın!

 

Doğrudur, Böyük Vətən Müharibəsində Şəhidlərimiz də oldu, yaralılarımız da…

Lakin,

“Bayraqları bayraq yapan üstündəki qandır.

Torpaq uğrunda ölən varsa, Vatandır!”

 

44 gün ərzində heç həyə baxmayaraq hamı bir ağızdan “yalnız irəli” hayqırdı. Nə bəzi ölkələrin təhdidləri, nə də mənfur düşmənin işğal dövründə qurduğu istehkamlar igid oğullarımızı qorxuda bilmədi. Böyük Vətən Müharibəsində bütün Azərbaycan bir yumruq kimi birləşdi…

Biz  44 gün ərzində dünyaya:

  • Vətən sevgisinin hər şeydən əzəl olduğunu;
  • Ən çətin anlarda birliyin gücünü;
  • Əsgər yoldaşlarını qorumaq üçün sinəsini sipər edən, mənfur düşmənə əsir düşməmək üçün sonuncu güllə ilə özünü öldürən igidlər böyütdüyümüzü;
  • Şəhidinin tabutunu çiynində daşımaq qüdrətinə malik olan Analarımızın, bacılarımızın varlığını sübut etdik.

Bu sətirləri yazarkən sinəmdəki ağrıya qürürun zəfər çaldığını hiss edirəm…

***

İndi isə Sizə qürur mənbəyimiz olan igid əsgərlərimizdən biri haqqında məlumat verəcəyəm. Şəhid Famil Əlizadə. Eyni qəsəbədə doğulsaq da, düzünü deyim ki, Onu II Qarabağ Savaşı zamanı göstərdiyi rəşadətlərdən dolayı tanıdım. Famil 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. Ailədə 3 övlad olublar. İki qardaş, bir bacı. Famil Ərkivan qəsəbə 3 saylı tam orta məktəbini bitirib. O, hələ məktəbdə oxuyarkən öz tərbiyəsi, çalışqanlığı ilə müəllimlərinin və məktəb yoldaşlarının rəğbətini qazanıb. Sonradan təhsilini peşə məktəbində davam etdirib.

2017-ci ilin iyul ayında Vətən qarşısında borcunu ödəmək üçün hərbi xidmətə çağırılıb. 2018-ci ilin yanvar ayında Ordu sıralarından tərxis olunub.

Famil II Qarabağ Savaşında könüllü olaraq iştirak edib. O, Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşmən postunun və anbarının alınmasında xüsusilə fərqlənib. Döyüş yoldaşları ilə birlikdə düşmənin mühasirəsini dəfələrlə yarmağa müvəffəq olub. Lakin oktyabr ayının 21-də mənfur düşmənin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatları zamanı Famil snayper gülləsinə tuş gəlib. O, son nəfəsində: “Arzuma çatdım” deyib…

Necə igidlər böyüdüb Ana-Atalarımız… Bu cür Oğulları Vətənə bəxş edən Ana-Ataların qarşısında baş əyirik!

Ən böyük arzusu Şəhidlik olan və bu arzusuna çatan Familin ruhunun şad olduğuna əminəm. İşğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli müqəddəs Bayrağımız bütün Şəhidlərimizin ruhunu oxşayır…

Bundan sonra hər yaşadığmız gün Sizin ruhunuza dualar edəcəyik, adınıza şeirlər qoşacağıq, nəğmələr bəstələyəcəyik, kitablar yazacağıq…

Sizi heç unutmayacağıq…

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

 

Şəhidlərimizin xatirəsinə sayğı ilə

 

Müəllif: Rəsmiyyə Sabir

 

Mənbə: Azərbaycan.media