BİR YAY xatirəsi
Gün şaxıyanda üstümüzə
qaçıb kölgələnirdik
alça, əzgil kollarının dibində
özümüzə bir təhər yer eləyərək…
Çalağacda vərlər yan-yana,
bir-birinə paralel düz, əyri xətlər şəklində…
Dərgez əlimdə
bir yerə yox, fikrə gedərdim;
əslində, buna fikir də demək olmazdı,
ürəyimdəki arzuların arxasınca düşər,
gedər, gələr,
xəyallar qurardım,
ən uzağa elə tez gedib qayıdardım ki…
Günün azca əyilməsini gözlərdik,
gözlərdəki yorğunluq dumanı
qeybə çəkilirdi bir anda,
bir də biz handa, yorğunluq handa…
Ay bu çərxi irəli fırladan,
geri də fırlat,
təzə yeməyimiz də boyatdı, boyat;
bir qəfədan ağzında su içincən-
qoy bunu deyim mən-
canımızdakı alov da
səngiyərdi bəlkə, ya…
Mənbə: Azərbaycan.media
