🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qələm və Vicdan

İnsanı Dirildən Çağırış

Dinin yanlış təqdimatı bütün çirkinliklərin anasıdır. Cəmiyyəti məhvə aparan, insanları təkəbbürlü və vicdansız yetişdirən də məhz bu yanlış yanaşmadır. Halbuki vicdan Allahın səsidir. Vicdan susanda insan vəhşi varlığa çevrilir. Bütün əxlaqsızlıqlar, ədalətsizliklər və savaşlar da bu vicdansızlığın nəticəsidir.
Bəs niyə dünya qan içində boğulur?
Niyə savaşlar bitmir?
Niyə insanlıq yanlış yolda addımlayır?
Çünki Quranı ya anlamırlar, ya da onu qapalı  çərçivəyə salaraq işığını söndürməyə çalışırlar. Halbuki Quran qandaldan, qorxudan ibarət deyil; o, insanı dirildən, sevgi ilə nura aparan bir yoldur.
Mən demirəm ki, “Gəlin, müsəlman olun.” Xeyr. Müsəlmanlıq sadəcə ad deyil, bir haldır, bir ruhdur. Qəlbində Allah sevgisi olan insan həqiqətən müsəlmandır. Ədalətli olun, vicdanlı olun. Çünki vicdan hələ sönməyibsə, orada Allahın nuru işıq saçır.
Mülk Allahındır; hər şey Ona dönər.
Sevgi ilə yaradılan insan niyə sevə bilmir? Axı sevgi olmadan vicdan ölür, vicdan olmadan isə insan qaranlığa qərq olur.
İndi bu düşüncələri qəlbimizdə yaşatmaq və qələmlə haqqı yazmaq zamanıdır. Çünki haqqın qarşısında sükut etmək zülmə ortaq olmaq deməkdir.
Oxu, düşün və vicdanını unutma.
Bu esse  çağırışdır – insanın öz vicdanına, ruhuna və Allahla bağına sadiq qalmasına yönəlmiş  bir səsdir.
Qələm düşüncənin dili, vicdan isə onun nəfəsidir. Hər iki səsi susdurmadan yaşamaq insan qalmağın ən böyük sənətidir.

MƏNSURƏ XƏLƏFBƏYLİ
yazıçı-publisist

Mənbə: Azərbaycan.media