Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən igidlərimizdən biri də şəhid Əzizli Elnur Şahin oğludur. O, Vətən torpaqlarının azadlığı uğrunda aparılan döyüşlərdə igidliyi, fədakarlığı və Vətən sevgisi ilə fərqlənib.
2000-ci il sentyabrın 25-də Biləsuvar şəhərində dünyaya gələn Elnur uşaqlıqdan cəsarətli, mərd və Vətəninə sədaqətli bir gənc kimi tanınıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı o, tərəddüd etmədən döyüşlərə yollanıb və ön xətdə böyük şücaət göstərib.
Elnurun anası Rübabə Əzizova oğlunu sevgi və fəxrlə xatırlayır:
“Elnur mənim canım idi… Hər səhər evdən çıxanda məni qucaqlayıb ‘ana, səni çox sevirəm’ deyərdi. Zəng edib deyirdi ki, narahat olma, qayıdacağam. O, qayıtdı – amma qəhrəman kimi, bayrağa bürünmüş halda. Mən fəxr edirəm ki, şəhid anasıyam. O, təkcə mənim yox, bütün Azərbaycanın oğludur”.
Şəhidin atası Şahin Əzizov da oğlunun igidliyindən qürurla danışır:
“Mən həmişə deyirdim ki, bu uşaqda bir nur var. O, heç vaxt qorxmazdı, Vətən sevgisi onun qanında idi. Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Şəhid olanda canımdan bir parça getdi, amma indi fəxr edirəm – oğlum əbədiyyət zirvəsindədir”.
Elnur Əzizli Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, silahdaşlarının dərin hörmətini qazanıb. O, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
2020-ci il noyabrın 12-də doğulduğu Biləsuvarda torpağa tapşırılan şəhid Elnur Əzizli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elnur Əzizli kimi qəhrəmanlar sayəsində bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda dalğalanır.
Azərbaycan.media
