🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Ruhani” ağa-bəy havasıdır… – Elçin Şıxlı yazır

“Bu uruslar əl-ayağa yaman dolaşırlar, Qorxuram axırda kişiliyimizi də əlimizdən alalar.
“Dəli Kür”, İsmayıl Şıxlı
Bu gün mənimçün çox əlamətdar bir gündür.
İnanıram ki, bir çoxları üçün də belədir, amma bu gün mən və ailəmiz üçün xüsusi özəlikləri var. 1991-ci 18 oktyabrında parlamentimiz Azərbaycanın müstəqilliyinin bərpasına səs vermișdi. Uzaq 1920-ci ildə əlimizdən alınmış müstəqilliyimizin. Və bu müstəqillyin bərpasına səs verən bir çox vətən oğlunun arasında atam İsmayıl Şıxlı da vardı. Bu mən və ailəmiz üçün ən azından bir qürur mənbəyidir.
Ailə üçün ikinci özəlliksə bir neçə  il əvvəl oğlumun məhz həmin gün toyunun olması idi Ailəmizçün bayram bayrama qarışmıșdı və bütün toy ərzində atamin ruhunun bașımız üstündə olduğuna tam əmindim, çünki onun ən sevdiyi, bəlkə də, məxsusi şövqlə qol açıb ağır-ağır oynadığı yeganə hava olan “Ruhani”ni oynayanda mənə qoșulan dostlarımın arasında gözümlə elə hey onu axtarırdım, tapmasam da, bilirdim ki, bığının altından qımıșıb bizə baxır…
Ən azı yarım saat oynadığımız bu rəqsdən sonra dostlardan biri hətta demișdi ki, “bu rəqsi oynayanları görəndən sonra anladım ki, millət ölməyib, hələ var”. Bașqa cür ola da bilməz, çünki “Ruhani” ağa-bəy havasıdır. Amma bu günlər müstəqilliyimiz və millət olaraq qürurumuza təhdid kimi qavradığım bir hadisə yerdə qalan hər şeyi, deyəsən, unutdurub. Hamı elə hey Moskovadakı qətldən danışır – soydaşımızın törətdiyi qətldən. Hərçənd hələ bu da sual altındadır. Son məlumatlara görə, Orxan Zeynalov əvvəlcə qətli boynuna alsa da, indi bunu danır. Nə isə, məsələ bunda deyil, Moskovadakı rus millətçilər və ən əsası, Putin elitasının bundan bizə qarşı təhdid kimi istifadə etməsindədir. Demə, Rusiyanın bütün qaraiqballığının baiskarı biziymişik. Təhdidin əsas mövzusu da oradakı soydaşlarımızın qovulub evlərinə qayıtmaq təhlükəsidir. Guya belə olarsa, Azərbaycan çökər. Zənnimcə, Kreml üçün əsas və bəlkə də, ən vacib leytmotiv elə budur. Keçmiş metropoliya keçmiş vassallarının müstəqiliyini və deməli, “özbaşınalığı” heç cür sinirə bilmir.
Yadıma bir neçə il əvvəl Moskvada ermeni avtobus sürücüsünün törətdiyi və xeyli insanın tələf olduğu ağır yol qəzasından sonra onun məhkəmə zalına qəsdən arvad xələtində gətirilməsi düşdü. Məqsəd erməniləri alçaldaraq onlara göstərmək idi ki, Rusiya istəsə, başınıza oyun açar. Açır da.
Bəs Kremlağası Putinin Bakıya son səfəri zamanı “Dağıstan” hərbi gəmisin prezident İlham Əliyevlə getməsi yadınızdadırmı? Çox maraqlı və eyhamdolu bir məqam var orada. Gəminin kapitanı ali qonaqları salamladıqdan sonra hərbi qaydaya uyğun olaraq özünü də təqdim edir. Amma İlham Əliyev zatən onun soyadına əhəmiyyət vermir və ya özünü belə göstərir. Gəmini gəzib-dolaşdıqdan sonra göyərtəni tərk edərkən Rusiyanın prezidenti və Ali Baş Komandanı Vladimir Putin ayaq saxlayıb guya heç nədən xəbəri yoxmuș kimi kapitandan bir daha adını va soyadını sorușur… və nəsə kəşf etmiş kimi hündürdən “siz azarbaycanlıymışsınız ki”,  deyə İlham Əliyevə səslənir Kapitan, doğrudan da, soydașımızmış- Vüsal Miriyev, Deyim ki,  “Dağıstan” raketdașıyan kreyseri Rusiya Xəzər Dononmasının flaqmanıdır. Belə bir gəminin kapitanının kimliyi, yəqin ki, əvvəlcədən Putinə məlumdu…
 İndi bu iki məqamın – azərbaycanlının hərbi gəmi kapitanı olmasının șəxsən Putin tərəfindən qabardılması və digər soydaşımızın törətdiyi qətlin Moskvada milli zəmində çaxnașmalara gətirib çıxarmasının elə həmin Putin elitası tərəfindən körüklənməsinin nə məna kəsb etdiyi barədə düşünür və çox bəsit bir nəticəyə gəlirəm. Kremlağası Azərbaycanda da ağalıq etmək istəyir. O axşam heç yadımdan çıxmır. Maşınla Bakıdakı rus səfirliyinin yanından ötəndə radio birdən xışıldamağa başladı və səs batdı. Dalğanı dəyişsəm də, xışıltı kəsilmədi, digər kanallarda da vəziyyət eyni idi, amma tezliklə xışıltı kəsildi və diringi bir rəqs havası eșidildi. Dalğanı tezcə dəyișdim, amma bu şit havadan yaxamı qurtara bilmədim bütün kanallardan eyni zəhlətökən musiqi eşidilirdi. İndi, müstəqillik günündə bu sətirləri yazanda bir neçə il əvvəl oğlumun toyunda qol açıb “Ruhani” getdiyimiz yadıma düşdü və dünya-aləm başıma hərləndi, Olmaya innən belə vedre dalına dınqıra süzmək məcburiyyətində qalacağıq?! Sizi bilmirəm, amma mən buna hazır ola bilmərəm), çünki MÜSTƏQİLLİÏYİMİZƏ səs verən KİŞİLƏRİN RUHU BİZİ BAĞIŞLAMAZ, ATAMSA CƏMDƏYİMƏ TÜPÜRƏR, ÇÜNKİ “RUHANi” AĞA-BƏY HAVASIDIR VƏ O MƏNƏ YALNIZ BU HAVAYA OYNAMAĞI ÖYRƏDİB!
Müəllif: Elçin ŞIXLI 
Mənbə: Azərbaycan.media