🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2026-cı ilin dövlət büdcəsi Milli Məclisə təqdim olundu

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Bu barədə Azərbaycan.media saytına Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Qanun layihəsi və ona əlavə edilmiş sənədlər rəy verilməsi üçün Hesablama Palatasına göndərilib. Palatanın rəyi alındıqdan sonra sənəd Milli Məclisin plenar iclasında müzakirə olunacaq.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artaraq büdcənin neft amilindən asılılığını daha da azaldacaq. Belə ki, gəlirlərin 57,4 faizi, vergi daxilolmalarının isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.

Növbəti ilin büdcəsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilən əsas prioritetləri – müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial rifahın artırılması, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin icrası və dövlət funksiyalarının maliyyə təminatını özündə əks etdirir.

Büdcə layihəsinə əsasən, qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1 faiz səviyyəsindədir ki, bu da ötən illə müqayisədə 7,1 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin kəsiri 3 milyard 94,6 milyon manat (ÜDM-in 2,3 faizi) həcmində nəzərdə tutulub. 2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi 1 milyard 646 milyon manat azaldılaraq proqnozlaşdırılıb. Bu, neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarının qorunması istiqamətində həyata keçirilən siyasətin davamı kimi qiymətləndirilir.

İcmal büdcənin gəlirləri 2026-cı ildə 44 milyard 969,4 milyon manat, xərcləri isə 48 milyard 839,3 milyon manat olacaq. Qeyri-neft gəlirlərinin payı 63 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da son illər bu sahədəki artım tendensiyasının davam etdiyini göstərir. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 43,9 faiz, 2024-cü ildə 52,4 faiz, 2025-ci ildə isə 58,4 faiz təşkil edib.

Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi fiskal dayanıqlığın qorunması, qeyri-neft gəlirlərinin artımı və sosial-iqtisadi prioritetlərin maliyyələşdirilməsi məqsədlərini özündə birləşdirir.