İranın cənub-şərqində yerləşən və təxminən 710 min ildir sönmüş hesab edilən Taftan vulkanı yenidən aktivlik əlamətləri göstərməyə başlayıb.
Azərbaycan.media xəbər verir ki, “Daily Mail”in məlumatına görə, nəhəng vulkanın zirvəsi son 10 ay ərzində təxminən doqquz santimetr yüksəlib.
“Zombi vulkan” anlayışı, uzun müddət qeyri-aktiv qalmış, lakin zəlzələlər, qaz emissiyaları və səthdə deformasiyalar kimi “həyat əlamətləri” göstərən vulkanlara aid edilir.
Alimlər hesab edirlər ki, Taftanın qəfil aktivləşməsi zirvənin altında isti qaz və mayelərin toplanması, eləcə də maqmanın səthə doğru hərəkət etməsi ilə bağlıdır. 2024-cü ildə bölgədə tüstü və kül çıxışları da qeydə alınıb.
Vulkanoloq Pablo Qonzales bildirib ki, hazırda vulkanın altında təzyiq artmaqda davam edir və bu, gələcəkdə zəif və ya güclü enerji buraxılmasına səbəb ola bilər.
Hazırda Taftan vulkanı hər gün təxminən 20 ton kükürd dioksidi, eləcə də hidrogen sulfid, hidrogen flüorid və su buxarı buraxır. Bununla belə, yaxın vaxtlarda püskürmə təhlükəsi müşahidə olunmur.
