Azərbaycan.media xəbər verir ki, etibarlı mənbələrin verdiyi məlumata görə, sabiq dövlət məmuru Ramiz Mehdiyev dövlət hakimiyyətini zor gücünə ələ keçirmək və keçid dövrü üçün “Dövlət Şurası” adlı müvəqqəti idarəetmə orqanı yaratmaq planı hazırlayıb. Planın əsas məqsədi həmin quruma rəhbərlik etmək və öz ətrafından ibarət bir struktur formalaşdırmaq olub.
Mənbələrin bildirdiyinə görə, Mehdiyev bu plan çərçivəsində Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatları Rusiya tərəfi ilə bölüşüb. Məhz bu səbəbdən Rusiya rəsmiləri Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədəki görüşü zamanı Mehdiyevin planı barədə Bakıya birbaşa məlumat veriblər.
Məlumatda qeyd olunur ki, artıq 87 yaşlı Ramiz Mehdiyevin davamlı təklifləri və israrları Rusiya tərəfini də narahat edib. Nəticədə Moskva onun planlarını qeyri-real və perspektivsiz hesab edərək, bu təşəbbüsdən tamamilə uzaqlaşıb və rəsmi Bakını da bu barədə məlumatlandırıb.
Qeyd edək ki, Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı uzun illərdir ictimaiyyətə məlumdur. O, sovet dövründən etibarən Moskvanın təsir dairəsində olan fiqur kimi tanınıb və Azərbaycan siyasi sistemində Rusiyaya meyilli kadrların irəliləməsinə dəstək verib.
Xatırladaq ki, Vətən Müharibəsindən əvvəl ölkədə rusiyapərəst məmurların vəzifədən uzaqlaşdırılması prosesi çərçivəsində Ramiz Mehdiyev də tutduğu vəzifədən azad edilmişdi.
