Yeni nəşr: Professor Nadir Məmmədlinin 38 illik tədqiqat zəhmətinin bəhrəsi – “Moskva Şərqşünaslıq İnstitutlarının Azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları”
Filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin “Moskva Şərqşünaslıq İnstitutlarının Azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları (2025)” adlı kitabı işıq üzü görüb. Bu fundamental tədqiqat əsəri müəllifin 38 illik elmi araşdırma zəhmətinin bəhrəsidir.
İki hissədən ibarət olan kitabda Moskva Şərqşünaslıq İnstitutlarında təhsil almış, elmi və pedaqoji fəaliyyət göstərmiş azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqların həyat yolu, təhsili və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilir.
Tədqiqatda təqdim olunan tarixi sənədlərin faksimilesi, onların mətn və tərcümələri ilə birlikdə yer alır. Bu, oxucuya həm elmi, həm də tarixi faktları orijinal mənbələr əsasında izləmək imkanı yaradır.
Əsər yalnız informativ xarakter daşımır, eyni zamanda faktların obyektiv elmi təhlili və müəllifin əsaslandırılmış şərhləri ilə də diqqət çəkir.
Kitabın təqdimatı 2025-ci ilin payızında Bakı şəhərində keçiriləcək. Tədbirdə elmi ictimaiyyət nümayəndələri, şərqşünaslıq və türkologiya üzrə mütəxəssislər, həmçinin gənc tədqiqatçılar iştirak edəcəklər.
Nəşr Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının tövsiyəsi ilə, Elm və Təhsil Nəşriyyatı tərəfindən çap olunub.
Şərqşünaslıq və türkologiya sahəsinə maraq göstərən hər bir oxucu üçün bu kitab dəyərli mənbə və etibarlı araşdırma nümunəsi kimi təqdim olunur.
Mənbə: Azərbaycan.media
