Azərbaycan.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk doqquz ayında Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% azdır.
Neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalarkən, qeyri-neft sektorunda 4,8% artım qeydə alınıb. Ümumi sənaye məhsulunun:
• 60,9%-i mədənçıxarma,
• 32,7%-i emal,
• 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı,
• 1,0%-i isə su təchizatı və tullantıların emalı sektorlarının payına düşüb.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6% azalıb, əmtəəlik qaz hasilatı isə 2,8% artıb.
Emal sektorunda isə aşağıdakı sahələrdə nəzərəçarpacaq dəyişikliklər olub:
• Əczaçılıq məhsulları – 96,8% artım
• Ağac və ağac məmulatları – 59,2% artım
• Toxuculuq sənayesi – 27,6% artım
• Qida məhsulları – 10,5% artım
• Kompüter, elektron və optik məhsullar – 26,7% azalma
• Kağız və karton istehsalı – 26,8% azalma və s.
Enerji və kommunal sahələrdə isə elektrik enerjisi, qaz və buxar istehsalı 0,6%, su təchizatı və tullantıların emalı isə 2,8% artıb.
