Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə olunmasında iştirak edən ölkələrin rolunu dəyərləndirib. Şarm əl-Şeyx Sülh Sammitinə yola düşərkən jurnalistlərin suallarını cavablandıran Tramp, xüsusilə Türkiyənin töhfəsini vurğulayıb.
“Türkiyə əla idi. Prezident Ərdoğan möhtəşəm idi, həqiqətən kömək etdi. Ona çox hörmət edilir. Onun güclü xalqı və ordusu var”, – deyə Tramp bildirib.
O, atəşkəsin davamlılığının vacibliyini qeyd edərək, insanların artıq əsrlərdir davam edən münaqişələrdən yorulduğunu vurğulayıb: “Düşünürəm ki, hər kəs öz yerini bilir. Bu, həm İsrail, həm də regiondakı müsəlman ölkələr üçün müsbət olacaq”.
Qəzzaya səfər planı ilə bağlı suala isə Tramp belə cavab verib: “Çox istərdim və qürur duyaram. Ora ayaq basmaq mənim üçün şərəf olar. Qəzza qarşıdakı onilliklərdə möhtəşəm bir möcüzəyə çevriləcək”.
