Bəli, Putin Düşənbə görüşündə Rusiyanın AZAL-ın sərnişin təyyarəsini vurmasını hər birimizin haqlı olaraq istədiyi, tələb etdiyi formada – birmənalı, açıq və aydın şəkildə olmasa belə, etiraf etdi. Bu faciəli hadisə ilə bağlı uzun-uzadı Azərbaycan Prezidentinə izahat verməyə, ən əsası, bu cinayətin Rusiya hərbçiləri tərəfindən törədildiyini etiraf etməyə, buna məsul şəxslərin hüquqi məsuliyyətə cəlb olunacağına, konpensasiyaya dair hər şeyin ediləcəyinə söz verməyə məcbur oldu.
Biz nə qədər narazı olsaq da, hazırda xüsusilə də Ukrayna müharibəsi və onun yaratdığı çoxsaylı daxili və xarici fəsadlara görə küncə sıxışdırılmış, yaralı, üzü-gözü qan içində olan və qanlı caynağını hər tərəfə atmaqla özünü qorumağa çalışan bir “ayı”dan – Rusiyadan bundan artıq nəsə gözləmək də yəqin ki, düzgün olmazdı…
Belə görünür ki, böyük ehtimalla, bu etiraf izahatı əvvəlcədən hazırlanmış və razıladırılmışdı. Putin ümumiyyətlə, bu mövzuya toxunmaya da bilərdi. Ancaq bunsuz yəqin ki, Azərbaycan Düşənbə sammitində ümumiyyətlə, ölkə başçısı səviyyəsində iştirak etməyəcəkdi və yəqin, öncədən razılaşma olmasaydı, bundan az öncə Putinə ad günü təbriki mesajı da göndərilməyəcəkdi…
Putinin İlham Əliyevlə görüşdəki uzun-uzadı izahatının qısa xülasəsi budur ki, o, faciənin məhz Rusiya səmasında baş verdiyinə görə əvvəlcədən üzr istədiyini və həlak olanların ailələrinə başsağlığı verdiyini xatırlatdı: “İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim…” Ardınca, əvvəlkindən fəqrli olaraq, təyyarənin Rusiya tərəfindən səhvən vurulduğunu etiraf etdi, məsuliyyəti qəbul etdi, günahkarların cəzalandırılacağına və kompensasiya ödəniləcəyinə söz verdi. Bununla da Azərbaycanın haqlı olaraq tələb etdiyi şərtlərin demək olar hamısı, ideal şəkildə olmasa belə, qəbul olundu.
Bir daha qeyd edək ki, Ukraynada amanasız işğalçılıq müharibəsi aparan və buna görə dünyanın lider ölkəsi ABŞ-yə, Avropaya, beynəlxalq qurumlara hesabat və izahat verməyə özünü borclu hesab etməyən müasir Putin Rusiyasının Azərbaycana izahat verməsinin, məsuliyyəti boynuna almasının və günahkarları cəzalandıracağına söz verməsinin özü Bakının diplomatik qələbəsi sayıla bilər. Məsələ ondadır ki, bunu bütün xarici mətbuat, xüsusilə Ukrayna və Rusiya mediası, politoloqları da məhz bu cür görür.
Məsələn, tanınmış ukraynalı politoloq, jurnalist, Azərbaycanla bağlı heç də hər zaman obyektiv görünməyən Vitali Portnikov belə Düşənbədəki görüşü Azərbaycan başçısının siyasi qələbəsi kimi dəyərləndirib.
Tanınmış rusiyalı politoloq İvan Preobrajenski isə deyib ki, Putin Azərbaycanın qarşısında güzəştə getməyə məcbur oldu: “Mən buna “Putin Əliyevə təzim etməyə getdi” deyərdim. Hətta görüşdəki jestlər dili də göstərdi ki, Əliyev güclü tərəfdir… İlham Əliyev istədiyinə nail oldu. O, təzyiqə, Rusiyadakı Azərbaycan biznesinə zərbələrə tab gətirdi… Ən əsası, Cənubi Qafqazla bağlı razılaşmaların Putin tərəfindən qəbul olunmasına nail oldu”.
Bəli, təyyarəmizin vurulması, azərbaycanlılara qarşı təzyiqlər və s. olduqca önəmli məsələlərdir və bununla bağlı əldə edilən kompromis vacibdir. Ancaq strateji baxımdan, rusiyalı politoloqun da dediyi kimi, ən əsası, Azərbaycanın Cənubi Qafqazdakı liderliyinin, onun Rusiyanın iradəsindən kənar şəkildə Ermənistanla Vaşinqton razılaşmasını imzalamasının, Türkiyə ilə strateji tərəfdaşlıq, ABŞ ilə əməkdaşlıq, ölkəmizin Türk Dövlətləri Təşkilatında aparıcı fiqura çevrilməsi və digər geosiyasi reallıqların Putinə qəbul etdirilməsi olduqca önəmli diplomatik uğurdur… Bəli, bu, 44 günlük müharibənin tamamında Qarabağa soxulan, Zəngəzur dəhlizinə nəzarət iddiasında olan və bunu 9 noyabr bəyannaməsinə saldıran Putin yox, faktiki olaraq, artıq Cənubi Qafqazdan qovulmuş Putindir!
Bu görüşün, izahatın, üzrxahlığın niyə dərhal deyil, təyyarəmizin vurulmasından 10 ay sonra baş tutmasına gəlincə, bu gecikmə, hər nə qədər Putin tərəfindən guya istintaqın davam etməsilə əlaqələndirilsə də, əslində, Kremlin imperiyaçılıq yekəxanalığından, reallıq hissini itirməsindən irəli gələn kobud siyasi, hətta strateji səhvdir. Rusiyadakı azərbaycanlılara qarşı represssiyalar, ölkəmizə qarşı kiberhücumlar, çirkin media təbliğatı və s. də bu səhvin davamıdır. Bu və buna bənzər səhvlərin Rusiya üçün birbaşa olmasa da, əsas fəsadlarından biri Moskvanın Zəngəzur anlaşmasından kənarda qalması və ümumilikdə Cənubi Qafqazdakı nüfuzunu tamamilə itirməsidir. İndi Kreml tərəfindən “ziyanın yarısından qayıtmaq” cəhdləri görünür. Bu cəhdlərin nə dərəcədə səmimi və effektiv olacağını isə zaman göstərəcək…
Azərbaycana gəlincə, bizim bu müstəvidə ən böyük gücümüz HAQLI olmağımız və bu haqqımızı siyasi iradə göstərərək qoruya bilməyimizdir. Haqqımızı sökə-sökə ala bildiyimizi isə həm Moskva, həm də digər paytaxtlar görmək və qəbullanmaq zorundadırlar…
“AzPolitika.info”
