Bu gün Eldar Nəsibli Sibirelin vəfatından 15 il keçir. Rəhmət və ehtiramla yad edirik.
Bura Qazaxdır, Oğlum
Gözünü aç bu elə, bu obaya yaxşı bax!
Damcılısında durul, Dəli Kürə qarış, ax!
Ərlər , ərənlər yurdu olub bu ulu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum,
Bura Qazaxdır, oğlum!
Burda Kür qırağının əcəbir seyranhgahı,
Sahilində mat qoyub müdriklər Nadir şahı.
Əliağa Şıxlıniski-dünyanın top allahı
Düşmənin başı üstə şimşək tək çaxdı, oğlum,
Bura Qazaxdır, oğlum!
Burdan qalxıb zirvəyə Vaqifin arzuları,
Vidadinin yanğısı dağda əridib qarı.
Osman Sarıvəllinin bənövşə misraları
Günəşdən nur içibdir burda yaz vaxtı, oğlum,
Bura Qazaxdır, oğlum!
İldırımlar Mehdinin kəsərinə oxşayır,
Burda Səməd Vurğunun ölməz ruhu yaşayır.
Misraları zülmətə gün işığı daşıyır ,
Lalə tək çəmənlərdə ocaq-ocaqdır, oğlum,
Bura Qazaxdır, oğlum!
Qalxıb Avey dağından boylan Qarayazıya,
Bir ağ şırım çəkilər o dəm qara yazıya,
Bircə anda sinəmə yağan qar ayazıyar,
Elə ki,köynəyindən telli saz çıxdı, oğlum,
Bura Qazaxdır,oğlum!
Əyil torpağından öp ata yurdun Şıxlının,
Arzusu müqəddəsin, ürəyi işıqlının.
Əsrin vüqar heykəli,bax, İsmayıl Şıxlının
Mərdlik üstə qurulub kişilik taxtı,oğlum,
Bura Qazaxdır,oğlum!
İgidlərin köksüylə qorunur bənd, bərəsi,
Koroğlunu andırır hər oğlunun nərəsi.
Düşmənlərə məzardır qədim İncə dərəsi,
Dostlarınsa yolunda bir şam çıraqdı, oğlum,
Bura Qazaxdır,oğlum!
Əskipara dağları dağ oldu sinəsində,
Ancaq qaçqın düşmədi əsrin kəshəkəsində.
Şəhidlərə yas tutdu bülbüllərin səsində,
Zamanın qarşısında bil, üzü ağdır, oğlum,
Bura Qazaxdır,oğlum!
Bu ağ saçlı tarixin yaşdaşıdır Göyəzən,
Bu dağlar dünyasının qaş-daşıdır Göyəzən,
Şəhid məzarlarına başdaşıdır Göyəzən,
Bu torpağı duymayan kordur, yazıqdır, oğlum
Bura Qazaxdır,oğlum!
Bu yurdu qarış-qarış yaxşı gəz, yaxşı tanı,
Torpaq üstə gəzəni, torpaq altda yatanı.
Bu torpaq ürək verdi, şair etdi atanı,
Gülümsədi üzünə ömrün yaz baxtı,
Bura Qazaxdır,oğlum!
Bura Qazaxdır,oğlum!
1997-ci il
Uzaqda dayanma, bir yaxına gəl,
Gəl, qorxma, sirrini yayan deyiləm.
Onsuz da o qədər aldanmışam ki,
Mən daha hər sözə uyan deyiləm.
Sevgimi umanlar sanki nağıldı,
Səni görən kimi qaçdı, dağıldı,
Mən indi dəliyəm, yoxsa ağıllı,
Özüm də özümə əyan deyiləm.
Bu həsrət vüsala qovuşar haçan?
Dünyada sən adlı bir ehtiyacam,
Ülvi gözəlliyə gözləri acam,
Ötəri baxmaqla doyan deyiləm.
Heyif ki…
Gözəl yaratsa da Tanrım bu qızı
Özü öz qədrini bilmir heyif ki…
İstəsə qəlbində sevinc çiçəklər,
Gözünün nəmini silmir, heyif ki…
Eşqinə yol alıb gələndən qaçır,
Dərdini onunla böləndən qaçır,
Dərdə bax, dərdindən öləndən qaçır,
Birinin dərdindən ölmür, heyif ki…
Gəlsə gəlişinə yollar açılar,
Eşqindən lal olan dillər açılar.
Gülsə, dodağında güllər açılar,
Bir dodaq tərpədib gülmür, heyif ki…
Dilində həyatın “neylim” , “neylim” i,
Bəyənmir Məcnunu, sevmir Leylini.
Qərib tənhalığa salıb meylini,
Allahın yoluna gəlmir, heyif ki…
Sibirel, dadına çatan istəyir,
İstəyir o səni, atam, istəyir.
Dünyada hər şeyi o tam istəyir,
Yastığı yarıya bölmür, heyif ki…
Könül, qəm eləmə…
Könül, qəm eləmə, gen gəzsə əgər
Bir zaman vurğunun, dəlin olanlar.
Ağzını açmamış tutsa dilindən,
Ağzının içində dilin olanlar.
Bu da bir dünyadır…var boşu, bərki
Hamıdan sədaqət ummağı tərgi.
Nə vaxtdan özünə gün ağlayıb ki,
Ürəyi obanın, elin olanlar.
Duzsuzlar duz gəzsə şorunu görməz.
Köksündə açılan şırımı görməz.
Külüyün altında qorunu görməz,
Nə çoxdur başına külün olanlar.
Səsi haqdan gəlir şeirin, sənətin,
Ancaq bu hikməti anlayar çətin,
Ayağı altında şanın, şöhrətin
Hər zaman pəyandaz, kilim olanlar.
Sibirel, əyrilər əyəmməz səni.
Bədxahlar, xəbislər öyəmməz səni.
Öyrənə-öyrənə bəyənməz səni,
Köçürə-köçürə alim olanlar.
Nə tapar…
Bu dünyanın milyon-milyon sirri var
Sualından, sorğusundan savayı.
Kim düz baxıb gözlərinə ölümün?
Qurd ürəkli doğrusundan savayı.
Ər qəzəbi çaylar kimi bulanıb,
Vaxt olub ki, dağı, daşı dolanıb
Bu dünyada kimlər yaxşı dolanıb?
Oğrusundan, əyrisindən savayı.
Öz yolundan nə vurulur, nə sapar?
İlhamıyla qaya yarar, dağ çapar.
Bu dünyada sənətkarlar nə tapar?
Ürəyinin ağrısından savayı.
Torpaq nəğməsi
Ana torpaq, ilk məskənim, son yerim
Dağın, dərən mənə arxa, həyandı.
Boynubükük bənövşələr-kədərim,
Alovlanan lalələrin-həyamdı.
Üfüqlərin xəyalımın yoludu,
Hər qarışın müqəddəsdi, uludu,
Yanğım olsa, göylərinin buludu,
İstəyimi bir baxışdan duyandı.
Bir zərrən də səni məndə yaşatdı,
Yaddan çıxsa bir yer adı, daş adı-
Küləklərin yaddaşıma daş atdı,
Mürgüləyən xatirələr oyandı.
Min il keçsə ömür sənə yad olmaz,
Sənsiz bir gün ürəyimdə od olmaz,
Nəm duyğular atəşindən od almaz,
Ha yelpiklə, ha alışdır, ha yandır.
Baş açmadım, heç bu necə sirr idi?
Eşqim dəcəl uşaq kimi kür idi.
Bir gözəli görən kimi kiridi,
Axşam, səhər yollarında dayandı.
Ana torpaq susdurmaqçün düşməni,
Al, güllətək sinəsinə sıx məni.
Bir saz üstə zəfər adlı nəğməni,
Sazım, sözüm bu dünyaya yayandı.
Məni
Ömür keçdi, getdi …ulu təbiət
İnanma, təzədən yoğura məni.
Bir bulud ömründə yağış eyləyib,
Çiləyə yar gələn cığıra məni.
Yadda yox, özümdə axtardım eyib.
Haqq gəzdim, dəmirdən çarıq da geyib.
Tale gecikdirdi hər zaman, heyif…
Həyatda qismətə, uğurla məni.
Bəxtim də mənimlə kəcinə çəkdi.
Mən kölgəyə çəkdim, o, günə çəkdi.
Həyatda bir dəfə nə önə çəkdi,
Nə də ki saxladı axıra məni.
Sənin ürək adlı mülkün var – deyə,
İldırımdan ağır yükün var – deyə,
Öndə torpaq altı çəkin var – deyə,
Bölmədi yüngülə, ağıra məni.
Həsrəti, möhnəti yorub gələrəm,
Bütün bənd-bərəni qırıb gələrəm,
Ölsəm, məzardan da durub gələrəm,
Təki ilk məhəbbət çağıra məni.
Sibirel, dünyanın nəyini bölək?!
Bir üzü iblisdir, bir üzü mələk.
Əgər dar etməsə yerimi fələk,
Bəndə döndərəmməz fağıra məni.
Mən köhnə kişiyəm…
Mən köhnə kişiyəm, bala,
Nuh adlı sirdən gəlmişəm.
Hara türk ayağı dəyib,
Mən həmin yerdən gəlmişəm.
Bir az şaman duasıyam,
Bir az günəş şüasıyam,
Gələn əsrin havasıyam,
Ötən əsrdən gəlmişəm.
Dodağımda türkü, şərqi,
Dolanmışam qərbi, şərqi.
Ya cüt, ya tək, eh…nə fərqi
Hansı səbrdən gəlmişəm.
Bu dağlar tərs, avand yerim.
Qayaları sapand yerim.
Hər şəhid qəbri – and yerim…
Gör neçə pirdən gəlmişəm?!
37 ağrım, acım.
Bu taledən hara qaçım?!
Qalmayıb özgə əlacım,
Adsız qəbirdən gəlmişəm.
Təbrizim arzum, murazım.
Taleyimdə qara yazım.
Bir az səbr et, xan Arazım,
Mən dəli Kürdən gəlmişəm.
Sibirel, sənə yaxınam.
Gözündən qaçan yuxunam,
Sürgündə qalan ruhunam,
Qarlı Sibirdən gəlmişəm.
BU SEVGİ
Qəlbimə gəlmişdi gözlənilmədən,
Deyərdim çətin ki, sönə bu sevgi.
Dağınıq, pərişan fikirlərimi
Salmışdı bir səmtə, yönə bu sevgi.
Gözəllər içindən seçilmiş idi,
Önündə zirvələr kiçilmiş idi,
Ulduzlar əyninə biçilmiş idi,
Taledən töhfəydi mənə bu sevgi.
Qəlbindən gələrdi sorağım hər gün,
Çiçəktək açardı marağım hər gün.
Deyərdi-sən çıxma, mən çıxım hər gün
Gah aya, gah da ki günə bu sevgi.
Gecələr saçına çökmüşdü onun,
Günəş öz suyuna çəkmişdi onu,
Ay da işığına bükmüşdü onu,
Qənimdi dumana, çənə bu sevgi.
Gözümdə həsrəti bitəsi imiş,
Könlümü güvətək didəsi imiş.
Qəfil gəldiyitək gedəsi imiş,
Ömrümdən, günümdən demə bu sevgi.
QƏRİBSƏMİŞƏM
Bu axşam nədənsə yaman kövrəyəm,
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhlimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay Damğaçı düzüm, ay Yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.
Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.
Mənbə: Azərbaycan.media
