Şəhid həkim Tariyel Salmanov və ömür gün yoldaşı Aynanın sevgi hekayəti
“Onu işdən gələndə ayaq səslərindən tanıyırdım. Bəzən səbir edə bilməyib yoldan mesaj yazardı: “Ürəyim, gəlirəm, yoldayam”. Gələn kimi qollarını açar, “Həyatım, ürəyim” deyə məni və Ləmanı qucaqlayardı. İki ildir nə üzünü görürəm, nə səsini eşidirəm, amma ayaq səslərinə qədər hər şey yadımdadır. O mənim qəhrəmanım idi. İnanın səmimiyyətimə, mən onu anamdan- atamdan, hətta övladımdan da çox sevirdim, çox sevirdim…”
***
Tariyel Salmanov 1988-ci il fevralın 7-də Ağcabədidə doğulmuşdu. 3 qardaş idilər. Tariyel evin ən kiçiyi idi, qardaşlarıyla arasında xeyli yaş fərqi vardı.
15 yaşı olanda anası uzun sürən xəstəlikdən dünyasını dəyişmişdi. Tariyel atasının və iki böyük qardaşının himayəsində qalmışdı. Heç nəyə baxmayaraq, sabaha inamla baxır və tufanlı bir gündən sonra mütləq günəş doğacağına inanırdı. İnsanlara ötürdüyü sevgi ona geri dönürdü. Hələ uşaq olanda qonum-qonşuya yardıma qaçar, köməyini əsirgəməzdi. Məktəbdə oxuyanda da yoldaşlarına qahmar çıxar, zəif bilənə dərsi başa salar, kömək olardı.
Dərslərindən yayınmazdı. Hələ uşaqlıqdan bir hədəfi vardı- məktəbi əla qiymətlərlə bitirib tibb universitetinə daxil olmaq. Onu həkim görmək mərhum anasının arzusuydu və Tariyel də anasına həkim olacağına söz vermişdi.
Məktəbi qurtaran il yüksək balla Tibb Universitetinə daxil olur. Müalicə-profilaktika fakültəsində də oxuya bilərdi, amma anasının onu diş həkimi kimi görmək istədiyini xatırlayır və stomotologiyanı seçir.
Universitet illərində də qrupda seçilən tələbələrdən idi. Ali məktəbi bitirəndən sonra Silahlı qüvvələrin təlim tədris mərkəzində hərbi xidmət keçir.
***
Ayna ilə 2010-cu ildə tanış olmuşdular. Onda Tariyel Tibb Universitetində, Ayna isə İqtisadiyyat Universitetində oxuyurdu. Tariyelin dostunun bacısı Aynanın qrup yoldaşı idi. Bir dəfə necə olursa, gənclər universitetin yeməkxanasında çay süfrəsi arxasında bir yerə cəm olur. Tariyelin utancaqlığı və ədəb-ərkanı Aynanın xoşuna gəlsə də, onu bir də görəcəyi ağlının ucundan belə keçmir. İki il ötür. Bir gün Aynanın telefonuna mesaj gəlir:
-Ayna, salam, necəsən? İnstitutu bitirdin, indi nə işlə məşğulsan? Mən hərbi xidmətdəyəm, əsgərləri, zabitləri müalicə edirəm. Burda təlimlər keçirik, günlərimiz maraqlı və yaddaqalandır. Sən danış, həyat necə keçir?
Aynanın gözünün önünə onların ilk və son görüşü gəlir. O görüşdən belə bir an yadında qalmışdı: yeməkxananın pəncərəsindən içəri süzülən günəş şüaları Tariyelin saçlarında parlayıb o ana sehrli bir ab-hava qatmışdı. Ayna həmin o anın təsadüfi olmadığını və onun sonrakı taleyilə bağlı olduğunu düşünür və cavab yazmağı qərara alır.
O gündən başlayaraq gənclər gündəlik hadisələr, qayğılar, arzularla bağlı düşüncələrini bölüşməyə başlayırlar.
2013-cü ildə Tariyel tibb xidməti leytenantı kimi ehtiyata buraxılır. Ayna onu təbrik etməyə tələsir:
-Cənab leytenant, səni təbrik edirəm, hərbi xidməti başa vurdun!
-Təşəkkür edirəm, Ayna, artıq vaxtdan asılı olmayaraq vətənin müsəlləh əsgəriyəm. Biz əmin- amanlıq istəyirik, amma əgər müharibə başlasa, ön cəbhədə olacam və bununla qürur duyacam. İndiliksə…
-İndi nə etmək fikrindəsən?
-Ağcabədidə qalıb stomotoloq həkim kimi işləmək istəyirəm. Əvvəlcə mərkəzləşdirilmiş işə qəbul üçün imtahan verməliyəm. Düzü, heç bilmirəm hansı sənədlər tələb olunur…
-Sənə kömək edə bilərəm, bir şərtlə ki, imtahanı yüksək nəticəylə başa vurasan.
-Söz verirəm, Ayna.
Tariyel öz taleyini Ayna ilə bağlamaq, isti bir yuva qurmaq arzusundaydı. Bu xəyallar onu daha da ruhlandırırdı.
Bir neçə gündən sonra həmin yolun aydınlığı Tariyelin ürəyinə işıq kimi dolur:
-Ayna, bilmirəm mənmi səni təbrik edim, yoxsa sən məni təbrik edəsən?
-Deyəsən ehtimal edirəm… Əgər düşündüyümdüsə…
-Eynilə düşündüyündü! 40 sualdan 39-nu düz yazmışam!
-Demək, indi Ağcabədidə qalıb işləyəcəksən?
-Hə, axı bilirsən, doğma yurdumda qalmaq, öz yurddaşlarıma xidmət etmək istəyirəm. Və istəyirəm sən də mənim yanımda olasan, evlənib Ağcabədidə yaşayaq…
-Əlbəttə, oralar çox gözəldir, amma…
-Bilirəm, ürəyim, sən şəhər qızısan, kənd həyatına alışmamısan. Uyğunlaşmaq çətin olacaq, ancaq sənə söz verirəm ki, istədiyin həyatı mən öz əllərimlə quracam, yetər ki, yanımda ol.
Bakıyla Ağcabədi arasındakı yollar Aynanın valideynlərinin gözünə durmuşdu. Əvvəlcə bu evliliyə razılıq verməsələr də, gənclərin öz əhdlərinə sadiq olmaları onların ürəyini yumşaldır.
Aynaya gələn nişan xonçalarına iki göz istəyirdi tamaşa etsin. Tariyel anasının yoxluğunu hiss etdirməmişdi. Xonçaların səliqə-sahmanına, düzülüşünə qədər hər şey incəliyinə qədər düşünülmüşdü, gəlin boxçası qənaət edilmədən hazırlanmışdı, gəlin üçün ən gözəl libaslar, ən zövqlü zinət əşyaları seçilib alınmışdı. Ağcabədidə çalınan toyun sədası günlərlə qulaqlardan getməmişdi.
***
Tariyel Ağcabədi rayonunda həkim stomotoloq kimi işə başlayır. Öz ixtisasını mükəmməl bilirdi, rayonda ona rəqib yox idi. Nəinki öz ixtisasının peşəkarıydı, hətta ehtiyac olanda başqa cərrahiyyə əməliyyatlarında da assistentlik edirdi. Qəbul otağında xəstələrin sayı- hesabı olmurdu, bir ay gözləməyə belə razıydılar, təki onları Tariyel həkim müalicə etsin. Gülərüz, xoş niyyətli, ədəb-ərkanlı gənc həkim təkcə peşəkarlığı ilə deyil, insani keyfiyyətlərilə də hamının hörmətini qazanmışdı.
Ayna ömür yoldaşıyla gəzintiyə çıxanda ətrafdakıların cəld irəli yeriyib Tariyellə salamlaşdığını, ona hədsiz hörmət etdiyini görürdü. Bu da Tariyeli onun gözündə daha da ucaldırdı.
“Sən bu gənc yaşında ahıl adamların qazana bilməyəcəyi bir hörmət qazanmısan. Bütün bunları görəndə ürəyim dağa dönür. Nə yaxşı ki, səni seçmişəm”, deyirdi Ayna. Tariyel isə: “Ürəyim, bu adi bir işdi. Mən isə sənin əzminə heyranam. Qadınlar zəif olur deyirlər, amma heç də belə deyil. Sənin mənəvi gücün bəzən ikimizə də yetir. Nə yaxşı ki, mənim həyatımda sən varsan. Sən məni heç vaxt peşman eləməmisən, sənə görə heç vaxt başım aşağı olmayıb” deyə eyni mehr-məhəbbətlə ona cavab verirdi.
Ailədə uşaq səsi eşidiləndə, Tariyel hələ atalığın nə olduğunu tam qavraya bilməsə də, bütün qəlbiylə sevinirdi. Atasına çox oxşayan qızcığaza “Ləman” adını vermişdi. Amma çox vaxt adını çəkməzdi, elə “qızım”, “ürəyim” deyərdi. Bir də tez-tez bu arzusunu dilə gətirərdi: “Ən böyük arzum qızımı həkim görməkdir”.
Ayna onu ayaq səslərindən tanıyırdı. Tariyel işdən gələndə bəzən səbir edə bilməyib elə yoldan mesaj yazardı:
-Ürəyim, gəlirəm, yoldayam.
Gələn kimi qollarını açar, “Həyatım, ürəyim deyə” Aynanı və Ləmanı qucaqlayardı. O, hər ikisinin- həyat yoldaşının və qızının qəhrəmanı idi.
***
27 sentyabr 2020-ci il. Muharibə xəbərini eşidəndə Aynanın valideynlərinin evindəydilər. Tez-tələsik öz evlərinə- rayona yola düşdülər.
Bakıdan Ağcabədiyə gedən yol uzandıqca uzanır, yolboyu hərbi sursat daşıyan ağır texnika, əsgər aparan maşınlar yanlarından ötüb-keçirdi. Bu mənzərə Aynaya həm qürur verir, həm də kədərə boğurdu.
-Tariyel, əsgərləri görürəm, şad-xürrəm cəbhəyə gedirlər, bu qürurvericidir, amma onlar geri dönə biləcəklərmi? Müharibə axı gedər- gəlməzdi. Nağıllardakı kimi gedər-gəlməz…
-Ayna, sən qadınsan, anasan, sənin hisslərini başa düşürəm. Amma vətən uğrunda ölən varsa vətəndir. Əlbəttə, insan ölümü həmişə ağrılıdır, vətəndən uzaqda keçən həyat da ölüm qədər ağrılıdır. Yurdunun yağı tapdağı altında olduğunu bilmək də bir başqa cür ölməkdir.
29 sentyabrda Tariyel Salmanov cəbhəyə çağrıldı.
Uşaqlıq illərindən üzü bəri eşitdiyi, şahidi olduğu müharibə, şəhid xəbərləri Aynanın qulaqlarında əks-səda verdi. İndi o özü həmin hadisələrin içindəydi. Canından çox sevdiyi adamı itirmək qorxusu hər şeyə üstün gəldi, ağladı, “getmə”, dedi, “sənə bir şey olsa mən yaşaya bilmərəm”. “Öldü var, döndü yoxdur” deyən Tariyel artıq yol üstündəydi. Aynanı sakitləşdirmək üçün “Tariyel hələ Bakıdakı hərbi hissədə xeyli müddət təlim keçəcək”, dedilər.
Hərbi hissədə təlim keçəndən sonra, 3 oktyabrda Tariyel cəbhə bölgəsinə yola düşdü. Ayna bundan xəbərsiz idi. Amma bütün qəlbilə sevgilisinin təhlükədə olduğunu hiss edirdi.
Tariyelin mesajları isə yenə işıq və sevgi dolu idi. Sanki müharibədən deyil, dünyanın ən rahat bucağından yazırdı:
-Ürəyim, lap yaxşıyam. Tezliklə yanına gələcəyəm. Səni çox sevirəm. Ləman qızıma de ki o, atanın ürəyidir.
Bir dəfə isə belə yazdı Tariyel:
-Məni hər şeyə görə bağışla, Ayna.
Həmin gün Ayna sevgilisinin qaynar döyüş bölgəsində olduğunu öyrəndi. Və sanki bütün olacaqlar, Tariyelin ölümü onun gözü önündə canlandı. O, şüurlu surətdə Tariyelin başına gələcəkləri izləyirdi. Yuxuyla gerçəklik arasında çırpınan qadın huşunu itirdi.
Oktyabrın 7-si səhər erkəndən Tariyelin telefonuna zəng etməyə çalışdı. Axşam saat 5-də Tariyel Salmanov artıq həyatda yox idi.
***
Bir neçə gün əvvəl…
Tariyel Salmanov Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mərdlikdə xidmət göstərirdi. O, burda da elin oğlu idi. Düşmən gülləsindən çəkinmədən döyüş gedən ərazidən yaralıları çıxarır, onları çiynində tibbi məntəqələrə daşıyır, ilkin yardım göstərirdi. Bu vaxt ərzində 60-dan çox döyüşçünün həyatını qurtarmış, əsgərlərə yalnız həkim deyil, həm də dost, qardaş, silahdaş olmuşdu.
7 oktyabr. Tariyel Salmanov həkim yoldaşları Turqut Xəlilbəyli və Nurlan Fərəməzovla birlikdə Cəbrayıl istiqamətinə yollanır. Həmin istiqamətdə gərgin döyüşlər getdiyi üçün yaralılar çox idi. Sonuncu yaralıları döyüş bölgəsindən çıxarmağa gedən tibbi xidmət maşını munomyot atəşinə tutulur.
Onlarla döyüşçünü ölümdən qurtaran qəhrəman həkim öz həyatını ölümün cəngindən çəkib ala bilmədi. Qəhrəmancasına şəhid olan Tariyel Salmanov Vətənin azadlığı uğrunda tarix yazanların sırasına qatıldı.
***
Ayna Tariyelin həlak olduğu xəbərinə uzun müddət inana bilmədi, inanmaq istəmədi. “Bəlkə yanlışlıq olub, bəlkə gələcək”, deyə yol gözlədi. Sonra gerçəkliklə yuxuymuş kimi davrandı. Bəlkə də “bu yuxudur, heç həqiqət deyil” dedi öz- özünə. Amma həqiqət onu qarabaqara izləyirdi. Tariyelin ayaq səsləri onun ardınca gəlirdi. Onun səsi, gülüşü qulaqlarını oxşayırdı.
Amma yox, gerçəklik heç bu qədər dəhşətli və dərd qoxuyan olmamışdı. Onun gülümsər gözlərini görməmək, “Həyatım, mən gəldim” deyən səsini, onu hər şeyin yaxşı olacağına inandıran gülüşünü eşitməmək min ilin əzabına tən idi. Onun gəldiyi yollara baxırdı, ilk dəfə görüşdükləri yerə gedirdi, o ümidlə ki, Tariyel onu hələ də orda gözləyir…
Beləcə, iki il keçdi. O iki il ki, Ayna onun hər gününü möcüzələrə inanmaqla keçirdi, Tariyelin bir gün qapını açıb içəri girəcəyini gözlədi. Onun son mesajını təkrar-təkrar oxuyurdu:
“Hər şeyə görə məni bağışla, Ayna”.
Gənc qadın həmin an Tariyelin nə demək istədiyini anlamamışdı. Onu itirəndən sonra hər şeyi anladı. Tariyel demək istəmişdi ki, məni hər şeyə görə bağışla- sizin yanınızda ola bilməyəcəyimə görə, övladımızı birgə böyüdə bilməyəcəyimizə görə, çətin vaxtlarda göz yaşınızı silə bilməyəcəyimə görə…
Ayna ən əziz insanının son nəfəsində yanında ola bilmədiyi üçün əzab çəkirdi. Görəsən Tariyelin son tapşırığı necə olardı? Yuxulardan bir işarə, bir ipucu gözləyirdi Ayna.
Yuxularda tez-tez görüşürdülər. Ayna yenə gündəlik gördüyü işlərdən, qayğılardan, Ləmanın şıltaqlığından danışırdı. O da sevgilisini gülümsəyərək dinləyir, çox vaxt isə susurdu.
Bir dəfə isə yuxuda ona belə dedi Tariyel:
“Qarabağı qaytarmağımız lap möcüzə oldu”.
Onun gülümsər gözlərindəki işığı görən Ayna yuxunun həqiqətinə inandı. Bir həqiqətə də inandı ki, təkcə şəhidlər deyil, onların doğmaları, ömür-gün yoldaşları da qəhrəmandır. Çünki ölçüyəgəlməz dərdə sinə gərərək “vətən sağ olsun” demək, şəhid qanı axan torpaqda yüksələn qələbə bayraqlarını fəxarətlə seyr etmək, nəsillərə örnək ola bilmək- böyük hünər və əzm istəyir.
Şəhid həkimin ləyaqətli ömür-gün yoldaşı Ayna taleyin bu sınağından da üzüağ çıxdı. Tariyel həkim həyatda olsaydı, yəqin ki, gülümsəyərək belə deyərdi:
“Nə yaxşı ki, varsan, Ayna, sən məni heç vaxt peşman eləmədin. Əksinə, həmişə başımı uca etdin. Səninlə fəxr edirəm. Ləman qızım isə atasının ürəyidir. Sizi çox sevirəm. Bunu unutmayın”.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media

