🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fuad Biləsuvarlı- Sevgi şairi… – Günel Natiq yazır

O, bayram günü Biləsuvarın Bağbanlar kəndində dünyaya gəlib. Özünün yazdığı kimi, çox cığal uşaq olub, amma elə dəcəlliyi qədər də sevilib. Avtobioqrafik şeirləri qayğısız günləri o illərin qoynundan alıb günümüzə gətirir. Onun həssas qəlbi və istedadı oxucunu nostalji duyğulara qərq edir, bizi şairin iç dünyasına bir az da yaxınlaşdırır. Beləliklə, qəhrəmanımız istedadlı şair, publisist Fuad Biləsuvarlıdır. 

 

Şirin nağıllardan danışıb nənəm,

Qoymazdı içimdə olsun dərd-ələm.

Həsəd aparırdı bizə el-aləm,

Necə də bəxtəvər günlər var idi!

 

Bu misralar ustad Şəhriyarın “Heydərbabaya salam” poemasının bəzi anlarını xatırladır. Fuadın şeirində də uşaqlıq illərinin həsrəti, keçmişin şirin, qayğısız günlərinə duyulan nisgil oxucunun ruhuna hopur. İncə duyğular, ötən günlərə xiffət dolu baxış oxucunu laqeyd qoymur.

 

Dəcəllik edirdim çox cığal idim,

Rəhmətlik atama noğul, bal idim.

İstəkli, sevimli bir oğul idim,

Necə də bəxtəvər günlər var idi!

 

Fuadın bu şeiri ilə tanış olduqdan sonra onun sevgi dolu bir insan olmasının səbəbini daha yaxşı anlayıram. Adətən, sevgiylə böyüyən uşaqlar yetkinlikdə mərhəmətli, xeyirxah olur, insanlarla empati qurmağı bacarırlar. Fuad Biləsuvarlı da məhz belə biridir – anlayışlı davranır, gizli kədərləri duyur, hər kəsə ədalətli və nəcib münasibət bəsləyir. Bəlkə də elə buna görə onun poeziyasına sevgi və gözəllik hakimdir.

Fuad Biləsuvarlı sevgini yalnız bir hiss kimi deyil, insan ruhunun əsası, həyatın mənası kimi görür. Onun poeziyasında sevgi həm ocaqdır, həm də çiçəkli yazın ortasında nisgilli bir payız buludu. O, unudulmaqdan qorxmur, lakin xatirələrin taleyini düşünür. Bəzən öz-özünə “unutmalısan” deyir, bəzən isə yalvarır:

 

Sevgi ki, var, ilan şeydi,

Əfsanədi, yalan şeydi,

Unudulmaq yaman şeydi,

Barı, məni sən unutma!

 

Bu şeir yalnız eşqdən bəhs etmir. O, insanın ən dərin qorxularından birini – unudulmaq qorxusunu misra-misra oxucunun ruhuna hopdurur. Çünki unudulmaq, həqiqətən də, yaman şeydir…

 

Demədim ki, məni unut,

Göz yaşımı gəl sən qurut.

Ürəyimi ovcuna al,

Sığalını çəkib ovut.

Barı, məni sən unutma!

 

Şair sevginin faniliyini qəbul edir, amma ayrılığın yükünü daşımaq da çətindir. O, sevgilini günahlandırmır, sadəcə bu tale qarşısında aciz olduğunu ifadə edir.

Şairin sətirlərində həyatın sərtliyi duyulur. Ancaq Fuadın şeirləri ruhun çörəyidir –ruhən çıxılmazlıq içində olanları doyuran, həyatdan küsənlərə təsəlli olan, sevgiyə ümidini itirənlərə şəfqət bəxş edən çörək.

Fuadın poeziyası sözün, eşqin və ümidin çırpıntısıdır. Ağrı-acılarla baş-başa qaldığı anlarda belə qələmini yerə qoymur. Çünki bilir: hər kəlmə, hər misra, hər qafiyə – həyatın özü kimi davam etməlidir… Hərçənd ki, bu həyatda qazandığı sevgilər bəzən bir film kimi sona çatır.

 

Boynubükük qaldı bənövşə kimi,

Dərmədim budaqdan gülöyşə kimi.

Çəkmədik cəfasın kef, nəşə kimi,

Bu sevgini film kimi bitirdik.

 

 “Film kimi bitirdik” şeiri də düşündürücüdür.  Şair üçün sevgi təkcə bir duyğu deyil, bir taleyin param parça olmasıdır. “Eşqimin üstündən xətt çəkib keçdin” deyən şair sevgidən vaz keçməyib – bu ayrılıq artıq taleyin hökmünə çevrilib.

 

Eşqimin üstündən xətt çəkib keçdin,

Özünə adaxlı hicranı seçdin.

Uduzdun, qəlbimdən ömürlük köçdün,

Bu sevgini film kimi bitirdik.

 

Və nəhayət, şeirin kulminasiyası – “Qara paltarını geydi sevgimiz”… Bu, sadəcə metafora deyil, hüzn duyğusudur. Artıq sevgi yalnız xatirələrdə yaşayır, o, geridə qalıb və bir daha canlanmayacaq.

 

Vüsala çataçat yolda ikən biz,

Ömür kimi bitdi məhəbbətimiz.

Qara paltarını geydi sevgimiz,

Bu sevgini film kimi bitirdik.

 

Bu şeir bir eşqin başlanğıcından sonuna qədər çəkilmiş, ancaq xoşbəxt sonu olmayan bir filmin hekayəsidir…

 

Gözəl başlamışdıq amma sonunda,

Bu sevgini film kimi bitirdik.

Tarix də yadımda ayın onunda,

Bu sevgini film kimi bitirdik.

 

Fuadın poeziyasında ayrılıq iki fərqli baxışda təsvir olunur: bir tərəfdən “unutmalısan” deyərək sevginin qaçılmaz sonunu vurğulayır, digər tərəfdən “Ayrılma sən məndən belə yad kimi” deyərək ayrılığa üsyan edir. Bu ziddiyyət oxucunu sevginin həm ağrısını, həm də ümidsiz ümidini hiss etməyə vadar edir.

 

Fuad Biləsuvarlı həm də nəğməkar şairdir. Şeirlərinə bəstələnən mahnılar onun poetik dünyasını musiqi ilə qovuşdurur. Bir məqam da diqqətimi çəkir; Fuadın şeirləri özü-özlüyündə musiqi daşıyır – oxuyanda sözlərin içində bir melodiya eşidilir.

 

Nəğməm bülbüllərin dillərindədi,

Məni bülbüllərin dilindən soruş.

Təbiət oyanıb bahar gələndə,

Bahar çiçəyindən, gülündən soruş.

 

Şairin yaradıcılığı təkcə fərdi duyğularla məhdudlaşmır. O, ədəbiyyat və sənət xadimlərinin xatirəsinə ehtiramla yanaşır, onların sənətini yaşadaraq mənəvi dünyamızı yüksəklərdə saxlamağa çalışır. Bu, onun qələmə və sənətə olan sevgisindən xəbər verir.

Fuad Biləsuvarlı o yaradıcı insanlardandır ki, durmadan çalışır, yazıb-yaradır. Onun poeziyasında insana, vicdan hissinə, halal çörəyə sevgi, ehtiram var. Bu sevgi isə şairin yaradıcılığını hər zaman ali hisslərlə çulğalayır.

Günel Natiq,

yazıçı, esseist, jurnalist, AJB və AYB üzvü, Prezident mükafatçısı

Mənbə: Azərbaycan.media