🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alim Qasımov Toronto səhnəsində – 18 ildən sonra möhtəşəm dönüş

Azərbaycanın Xalq artisti, muğam sənətinin canlı əfsanəsi Alim Qasımov Kanadanın Toronto şəhərində unudulmaz konsert proqramı ilə çıxış edib.
Azərbaycan.media saytına sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın verdiyi məlumata görə, bu görüş 18 illik fasilədən sonra baş tutub. Toronto şəhərində yerləşən “The Creative School Churusalis” yaradıcı mərkəzində keçirilən konsertə 1000-dən çox musiqisevər qatılıb. Zalda Kanadada yaşayan azərbaycanlılar, Azərbaycan icmasının üzvləri, cənubi azərbaycanlılar və müxtəlif millətlərin nümayəndələri bir araya gələrək muğamın sehrinə qərq olublar.
“Məhəbbət” – musiqi və rəqsin mistik birliyi
Konsertin əsas məqamı Alim Qasımovun beynəlxalq səviyyədə tanınan kanadalı xoreoqraf və pedaqoq Saşar Zariflə birgə təqdim etdiyi “Məhəbbət” adlı performans olub. Qasımovun ruhu titrədən vokal improvizasiyaları ilə Zarifin sufizmdən ilhamlanan rəqsləri birləşərək tamaşaçılara musiqi və rəqsin dərin mənəvi bağını hiss etdirib.
Muğam Ansamblı ilə səhnədə
Alim Qasımovu səhnədə dörd nəfərdən ibarət Muğam Ansamblı müşayiət edib. Konsertin rejissoru Saşar Zarif, təşkilatçısı isə Small World Music olub.
Bu konsert, Kanadada muğamın səsi olmaqla yanaşı, mədəniyyətlərarası dialoqun da gözəl nümunəsinə çevrildi.

 

Mənbə: Azərbaycan.media