Bu gün Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi mənim üçün sadəcə bir tədbir deyil, dostlarımla bir görüş, əsl sözün bayramı idi.
Yeni nəşrlərlə tanış olmaq, ədəbiyyatın nəfəsini hiss etmək, uzun zamandır görüşmədiyim doğma, əziz simalarla bir araya gəlmək mənə dərin bir sevinc və ilham bəxş etdi. Hər kitab bir dünyadır, hər görüş bir xatirə. Panel müzakirələrində iştirak edərək fikir mübadiləsi aparmaq, sözün gücünü bir daha hiss etmək mənim üçün xüsusi əhəmiyyət daşıyırdı.
Müsahibələrimdə də qeyd etmişəm: bu cür kitab sərgiləri sadəcə mədəniyyət hadisəsi deyil, həm də milli yaddaşın, mənəvi dirçəlişin təntənəsidir. Kitabın işığı, sözün nuru sönməsin deyə bu tədbirlər davamlı olmalıdır. Çünki biz işığımızla varıq, sözümüzlə yaşayırıq.
Yetər ki, “işığımız sönməsin”!
Mənbə: Azərbaycan.media



