Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumu açıqlanıb.
Azərbaycan.media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Azərbaycan.media.az-a bildirib ki, Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.
Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
***09:21
Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.
Azərbaycan.media report-a istinadən xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.
Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
***09:03
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan.media xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Mercedes “markalı mikroavtobusla “VAZ” markalı minik maşını toqquşub. Qəzada sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.
Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
