🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Millət vəkili Elnarə Akimova: “Cavid Paşa atasının üzünü görməsə də, onun ruhunu yaşadır”

 

19 sentyabr 2023-cü il tarixində keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanımız — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mirzəyev Cavid Azər oğlunun anım günü münasibətilə ailəsini ziyarət etdim.

Bu balaca gözəllik — Cavid Paşa — şəhidimizin oğludur. Ata olacağı xəbərini öyrənəndən cəmi iki gün sonra Cavid Mirzəyev Vətən uğrunda canını fəda edib. Körpəsinin üzünü görmədən, onun mavi səma altında rahat yaşaması üçün öz həyatını qurban verib.

Cavid Mirzəyev Bakı Slavyan Universitetində ali təhsil almış, daha sonra Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını uğurla başa vuraraq “leytenant” rütbəsi ilə xidmətini davam etdirmişdir.

44 günlük Vətən Müharibəsində şücaətlə iştirak etmiş, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, aşağıdakı medallarla təltif olunmuşdur:
– “Füzulinin azad olunmasına görə”
– “Xocavəndin azad olunmasına görə”
– “Hərbi xidmətdə fərqlənməyə görə”
– “Vətən uğrunda”

Təəssüf ki, 2023-cü ildə baş vermiş 23 saatlıq antiterror əməliyyatı zamanı şəhid olmuşdur.

Bu gün Azərbaycanın Suverenlik Günüdür. Vətən torpağının hər qarışını canı bahasına bizə qazandıran bütün igid oğullarımıza Allahdan rəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyir, ailələrinə səbir və güc arzulayıram.

Elnarə Akimova, Millət vəkili

Azərbaycan.media