Üzeyir Hacıbəyli – 140
Bütün şüurlu fəaliyyətini öz xalqının inkişafına, maariflənməsinə və tərəqqisinə həsr edən sənətkarların ömrü də əbədi olur.
Zaman ötüb keçir, dövran dəyişir yeni nəsillər gəlir. Belə sənətkarlar əsrlər keçsə də unudulmur, həmişə dərin ehtiramla xatırlanır.
Milli iftixarımız Üzeyir Hacıbəyli kimi…
Adətən Üzeyir Hacıbəylinin adı səslənən kimi gözlərimiz önünə nəhəng bir musiqişünas, dahi bəstəkar, musiqi sahəsində böyük şöhrət qazanmış bir insan gəlir. Bu, həqiqətən belədir.
Amma bu həqiqət də var ki, onun çoxşaxəli fəaliyyəti, zəngin yaradıcılığı ilə tanış olanlar Üzeyir Hacıbəylini dünyaşöhrətli bir bəstəkar olmaqla yanaşı, həm də çox zəngin bir maarifçi, publisist, naşir, və sadaladığımız bu fəaliyyət sahələrinin hər birində Üzeyir Hacıbəylinin yaradıcılığı barədə qalın-qalın kitablar yazmaq olar.
Bax, xalqa əvəzsiz xidmət göstərməyin, xalqın əfəndisi olmağın, ən gözəl heç vaxt əhəmiyyətini itirməyəcək fədakarlığın nümunəsi budur.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli də adı Azərbaycan maarifçilik fəaliyyətinin həmişə ön sıralarında çəkilən bir yüksək ziyalı Vətən oğlu idi.
Onun dünyaya göz açdığı ildən bizləri əsr yarıma qədər bir zaman ayırır. Az müddət deyil. Məlum olan həqiqət budur ki, bu zaman məsafəsi böyüdükcə, illər üstünə aylar, illər gəldikcə, Üzeyir Hacıbəyli də bütün ruhu ilə xalqımıza daha da yaxınlaşır, ona olan xalq sevgisi və məhəbbəti əbədi bir xarakter alır.
O, bir ziyalı kimi, hər şeyə vaxt tapırdı.
Təkcə Azərbaycan musiqisinə deyil, dünya musiqi xəzinəsinə “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu” kimi şedevr operalar, “Sənsiz”, “Sevgili canan” kimi romanslar bəxş edir, digər tərəfdən bir publisist, felyontonçu kimi yaşadığı dövrün eybəcərliklərini tənqid atəşinə tutur, publisist məqalələr, felyetonlar yazır, musiqi maarifçiliyi ilə məşğul olur, istedadlı Vətən övladlarının tərəqqisi yolunda fədakar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu.
Həmin illərdə böyük Mirzə Cəlilin rəhbərlik etdiyi “Molla Nəsrəddin” jurnalının demək olar ki, ən fəal yazarlarından biri məhz Üzeyir Hacıbəyli idi. Çox vaxt, məlum səbəblərdən, təqiblərdən qorunmaq üçün müxtəlif imzalar qoyulsa da, Üzeyir Hacıbəyli dəsti xətti, məlum üslubu onun yazılarından aydın duyulurdu.
O bu jurnalın demək olar ki, işıq üzü görən bütün nömrələrində xalqımızın maarifçi ziyalıları Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir kimi böyük söz ustaları ilə birlikdə çalışmaqla, xalqın maariflənməsinə işıq tuturdu.
Ən əsası isə bu idi, bu söz ustalarının hər biri, elə Üzeyir Hacıbəyli də bütün yazılarını xalqın ruhuna çox yaxın bir dildə, sadə, anşlaqlı bir dildə yazırdılar. Bu yazıları oxuyan hər bir adam gülür, həm də nəticə çıxarırdı. Əsl maarifçilərimizin də istədiyi elə bu idi. Xalq öz dostunu və düşmənini yaxşı tanımalıdır, haqqı uğrunda mübarizəyə qoşulmağa özündə güc tapmalıdır.
Üzeyir Hacıbəyli təkcə misilsiz musiqiçi deyil, bir mühərrir kimi də Azərbaycan mədəniyyəti tarixində ən uca zirvələrdə qərar tutan ziyalılarımızdan olmuşdur.
Qoqolun məşhur “Şinel” hekayəsini Azərbaycan dilinə Üzeyir bəy çevirmişdi. Həm də sırf tərcüməçiliklə məşğul olan bir çoxlarının həsəd aparacağı bir qaydada.
Onun “Ordan-burdan” sərlövhəsi altında məşhur felyetonları “Filankəs”imzası ilə dərc olunurdu və hər dəfə də geniş rezonans doğurdu. Xalq ruhuna uyğun bir dildə, ustalıqla, qısa, lakin çox məzmunlu və kəskin bir şəkildə yazılmış bu felyetonları sonsuz maraqla izləyirdi. Çünki bu felyetonlarda cəmiyyətin eybəcərlikləri, nöqsanları öldürücü satira atəşinə tutulurdu.
O, bir maarifçi, bir publisist, nəhayət bir ziyalı kimi, hadisələrdən kənarda dayanıb, seyrçi bir mövqe tuta bilmirdi. Əzilən, haqsızlıqlardan boğulan həmvətənlərinin maariflənməsi üçün hər bir çətinliyə hazır idi. Onun qısa bir vaxtda yayılan, şöhrət qazanan satirik əsərlərinin mövzusu isə adi həyat hadisələrindən götürülürdü.
Həyatda hər kəsin xidmətlərinə görə qiymətini zaman və xalq verir.
El gözündə ucalanların, bütün varlığı ilə xalqına xidmət edənlərin yeri həmişə zirvələr olur. Və hansı nöqtədən baxsan, zirvələrdə bərqərar olmuş həmin şəxslər parlayan ulduzlar kimi görünür.
Böyük Mirzə Cəlil vaxtı ilə yazırdı ki, ” … heç olmaz ki, yazılan doğru söz yerdə qalsın…”
Bəli, bu həqiqətdir. Üzeyir Hacıbəyli kimi ziyalı maarifpərvər, Vətən oğullarının əkdiyi toxumlar çoxdan bar verir. Bu gün Vətənimiz Azərbaycan öz mədəniyyəti, tərəqqisi, güclü iqtisadiyyatı, elmi potensialı ilə bütün dünyaya günəş kimi doğur…
Müəllif:Fuad Biləsuvarlı
AYB və AJB üzvü,
Prezident mükafatçısı,
Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
