🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qayıdışın açarları: Qaraxanbəyli həsrəti

Düşdüyüm ailə Füzuli rayonunun Qaraxanbəyli kəndindəndir. Paylaşdığım şəkildəki viran yurd da onlara məxsusdur. Əllərindəki açarlar isə vaxtilə həmin evin qapılarını açırdı…
İki il öncə ailəmiz o yurda baş çəkdi. Yamyaşıl, barlı-bərəkətli həyət-bacadan əsər-əlamət qalmamışdı. Amma el deyimi var: “Uçan yurd kalafasından bəlli olar.” O evin də bir zamanlar axarlı-baxarlı, qaynar çağları olub.
Qayınanam sonuncu dəfə — düz 32 il əvvəl — bu açarlarla ev-eşiyi qıfıllayıb, “tezliklə hər şey düzələr” ümidi ilə ayrılmışdı. Əvvəlcə Beyləqanda məskunlaşdılar, sonra bir neçə ev dəyişsələr də, heç yerdə rahatlıq tapa bilmədilər. Hər zaman həsrət, xiffət içində yaşadılar. Xəyal edirdilər ki, bir gün öz evlərinin qapısını açacaqlar…
Bu açarlar 44 günlük Vətən müharibəsindən öncəyədək sandıqda yatırdı. Ailə “Google Map”də viran qalmış evlərinə baxdıqdan sonra ümidsizliyə qapıldı. Ev-eşik yoxdursa, açarların nə mənası var? Mən də o metal parçalarını bir qərinəlik tarix kimi saxladım — sübut kimi.
İkinci Qarabağ savaşından sonra kənd minalardan təmizləndi. 2023-cü ilin avqustunda, düz 30 il sonra, ailəmizin bir neçə üzvü uçuq evlərinə baxmağa getdi. Onları təbrik etdim, ilk təəssüratlarını dinlədim…
Dedilər ki, darvazanı da kəsib aparıblar. Mərmi zərbəsindən evin daşı daş üstə qalmayıb. Otaqlarda ağaclar bitib. Mətbəx tərəfdə yalnız pilləkənlər qalıb. Sağ istahat qoymayıblar. Ağaclar da quruyub. Çayın yanında evin ola, amma həyət-baca susuz qalsın — faciə budur.
Onlar danışdıqca, hər cümlənin sonunda şəhidlərimizə rəhmət oxuyurdular. Nə qədər ovutmağa çalışsam da xeyri olmadı. Söhbət mal-mülkdən getmirdi. O evin, o ocağın xoş xatirələri idi onları ağladan. Qaçqınlıq adının ağırlığı idi onları sıxan. Yurdu ola-ola yurdsuz yaşamaq, heç bir günahları olmadan ömürlərinin yarısından çoxunu günahkar kimi keçirmək — bu idi onları qəhərdən boğan.
Sanki ağız dadları o evdə qalmışdı. Qalar da! Həyət-bacada sürü ilə toyuq-cücə, qaz-ördək, hinduşka, qoyun-quzu saxlayırmışlar. Səliqəli və bərəkətli bağ-bostanları var imiş. Nadirdir ki, bazardan nəsə alarlarmış…
Dünən çoxdan gözlədiyimiz xəbəri eşitdik: Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməli qoyuldu. Bu xəbər ailəmizi sevincə qərq etdi.
Kaş hər kəsin yurdu özünə qayıda. Kaş hər kəsin ağız dadı özünə qayıda. Kaş həsrət biryolluq bitsin. Ümid edirəm ki, o gün uzaqda deyil…
Fəridə Aslanova, jurnalist
Azərbaycan.media