Azərbaycan.media Əbülfət Mədətoğlunun şeirlərini təqdim edir:
Darıxacaqsan…
Ya axşam, ya sabah qapını külək –
Döyəcək! – söyləyib, ümidlənmə sən…
Bütün çırpıntını, ay dəli ürək, –
Gözünə yığaraq kilidlənməsən –
Yollara, mənimçün darıxacaqsan…
Alın söykədiyin pəncərə şüşən
Hər an damlalarla sırımlanmasa…
Dünyada ən isti yağışa düşən –
Varlığın sığınıb qımıldanmasa –
Qollara, mənimçün darıxacaqsan…
Ötən saata da, bitən günə də
Yaşıl budamatək baxmasan sonda,
İbadət etdiyin Haqqa, dinə də
Sevgini gizlədib saxlasan, onda-
Mənimçün, səninçün darıxacaqsan…
Dilin titrəyəndə, dodaq əsəndə
Saçında ilişib qalanda daraq…
Mətbəxdə əlini bıçaq kəsəndə
Qana bələnəndə yazdığın varaq-
Olanlara.. mənimçün darıxacaqsan…
Ümid yerim xatirələr…
Xatirə boxçasın açıb tökmüşəm,
Bir-bir keçirərək bəbəklərimdən.
Düzdü, bəzisinin sapın sökmüşəm-
Amma tanımışam bələklərindən.
Hayıma çatıbdı yaddaşın gücü,
İşığa qərq edib bucağı, küncü…
İstər kürü olsun, istər ən dinci –
Üstümə uçubdu pətəklərindən…
Nə ağır yükdü o, nə də ki, şələ,
Sənli günlərimdən olmayıb hələ!
Durub xatirələr üstümə gələ-
Əllər uzun ola ətəklərindən…
Durdura bilmirəm zaman çarxını,
Səssizcə lillənən ömür arxını…
Xatirə adlanan nəmli sarğını –
Sərmişəm xəyalın lələklərindən…
Ünvanlı məktub
Mən dünyanı gözlərinlə görürəm,
Əllərinlə toxunuram, duyuram…
Mən yuxumda dağılmış saç hörürəm –
Nə ətrindən, nə dadından doyuram…
Mən səhəri çıxardıram gecədən
Bilirəm ki, həsrətimdi köç edən…
Ürəyimə zənglərini gec edən, –
Nəfəsimlə qabığımı soyuram…
Mən özümdə daşıyıram dünəni,
Bu günü yox, yaşayıram dünəni!
Yer üzündə 0, Tanrıma dönəni –
Öpüb hər an gözüm üstə qoyuram!
Ruh dincəlmir, indi dəli ozantək,
Ürəyimin minbərindən azantək
Çəkdiyim ad, nəqqaş daşda yazantək –
Mən də səni varlığıma oyuram…
Niyə
Daș dașı yeyən bir vaxtdı,
Fərqlidi hər daşın baxtı…
Beləcə çəkir söz vaxtı –
Görünmürsən gülüm, niyə?
Çənəyə söykənib yumruq,
Hər gün göz açıb-yumuruq…
Hamımız Ondan umuruq –
Maraqlıdı, bilim, niyə?
Qəm buludu səssiz sinir
Kirpiyimi həsrət silir…
Səndən başqa hamı bilir –
Bir ad çəkir dilim, niyə?
Ağac əkib, daş hördüm mən –
Hər beşindən bil, dördün mən!
Bu dünyada nə gördüm mən –
Bir də dönüb gəlim, niyə?
İstəyim
(Özümə yer tapa bilmirdim. Içimi bölüşəcəyim bircə dəniz idi yaxında… Yas məclisimizdən ürəyimi götürüb Dənizin qapısına gəldim…)
Qoy bir az danışım bu dalğalarla,
Bir az dərdlərimə dərman istəyim…
Səsi sahillərə çatan dənizdən –
Mən öz taleyimə fərman istəyim.
Ruhuna köklənim, sözünə uyum,
Gözümü zilləyib gözündə yuyum…
Elə ləpələrin özündən duyum –
Çin olar gül-çiçək, orman istəyim…
Bilirəm uzanır əli sahilə
Bir az ərkəsöyün, dəli sahilə…
Ondan bir öpüşü mən bəh-bəh ilə –
Kiməm ki, dirəşib zornan istəyim?!
Özümə təsəlli şeiri
Mən tək olanda susmuram,
Sənlə danışıram, sənlə…
Onda heç kimdən küsmürəm-
Hamı da dil tapır mənlə!..
“Dilotu” yeyirəm sanki,
Söz axtarmıram – inan ki!..
Donur içimdə zaman ki-
Ovunum ilğımla, çənlə..
Söhbət uzanr…gün çıxır
Sanki xəyalım çin çıxır!
Qarşıma həmin tin çıxır –
Üz-üzə gəlirsən mənlə…
Fuad Biləsuvarlının təqdimatında
Azərbaycan.media
