Səidə Bəkirqızının bir kəlməsi niyə bu qədər səs-küyə səbəb oldu, doğrusunu desəm, anlaya bilmirəm. Bu ittihamlar, bu qızğınlıq nədən doğur? Biz dogmalaşdığımız, bir-birimizə sarıldığımız anlarda niyə üsyan edirik? Qarabağlıları ayağa qaldırmaq nəyə xidmət edir? Yenidən “iki od arasında” üşüməyə məhkum olaq? Erməni bəlasından yeni qurtulmuşkən, niyə özümüzü parçalayırıq?
İnanın, sizə baxıb utanıram. “Üşüyürəm” deyə-deyə, lazımsız sözləri qabartmaqla nə əldə edirik? Mən sizin yerinizə utanıram. Tutaq ki, Səidə xanım hisslərinə hakim ola bilməyib, bir az emosional danışıb. Bəs onun bu günədək etdiyi xidmətləri görməzdən gələkmi?
Canım Qarabağlılarım, iki-üç ailənin arasında baş verənlərə görə böyük səs-küy yaratmayaq. Yaşasın dövlətimiz, yaşasın azad torpaqlarımız! Əgər Səidə xanım bir az sərt danışıbsa, inanın ki, bu çıxış sevgi ilə edilib. Mən bir Qarabağlı olaraq, Şahmar Əkbərzadənin oğlu kimi deyirəm: Səidə xanım bizim qədər Qarabağı sevən bir Türk qızıdır.
Uca Tanrı şeytana lənət eyləsin! Qurban olduğum Qarabağlılar, siz hər zaman möhkəm, möhtəşəm və bağışlayan olmusunuz. Sizləri Xudu Məmmədovun uca adına and verirəm – bu mövzu burada bitsin. Ey Qarabağlılar, atları yönəldin Göy çəmənliyə…
Elşən Əkbərzadə
Azərbaycan.media
