Ukraynalı dostlarım türkcə bilməsələr də, bəzən “Haber Global” kanalını internetdən izləyir, ekran şəklimi çəkib mənə göndərirdilər. Həyat yoldaşım dedi ki, gəl dostlarına sürpriz edək, efirə geyinmək üçün Ukrayna bayrağının rənglərindən bir şeylər seçək. “Sarı köynəyim var, amma düz mavi qalstuku indi hardan tapım?” deyə soruşdum. Gedib nə vaxtsa Nuh əyyamından qalma bir qalstuk tapıb gətirdi. O qədər enli bir qalstuk idi ki, heç açıb taxmamışdım belə.
Doğru düşünmüşdü yoldaşım, ukraynalıları sevindirmək lazım idi. O axşam efirə sarı köynək, mavi qalstukla çıxdım. Efirdən əvvəl Elif xanımla tanış oldum, tez dostlaşdıq.
Proqram başlayanda moderator sözü əvvəlcə Elif Aydemirə verdi. O da sağ olmuş, siyasəti kənara atıb başladı hərb sənətindən, quru hərəkatı ilə hava hücumu kimi spesifik şeylərdən danışmağa. Osman Paşa nəsə etiraz etməyə başladı və “Hocam, siz ən yaxşısı siyasət strategiyalarından danışın, topu-tüfəngi mənə buraxın” dedi. Ancaq Elif xanım durmadı, bu səfər də başladı atom bombasından, nüvə reaktorlarından danışmağa. Mən müdaxilə etdim bu dəfə, sözünü ehmalca kəsib dedim ki, bəlkə Budapeşt Memorandumundan danışaq. Mənə də qulaq vermədi.
Osman Paşa qarşımda əyləşmidi. Mənə göz-qaş elədi ki, telefonuna bax. Mesaj atmışdı: “Lütfen bir şeyler yap”. Anladım ki, küsüb gedəcək. Özümü toplayıb Elif xanımın sözünü bir də kəsdim, “Elif hanım, bilirsizmi dünyaya ədalət nə zaman gələcək?” deyə sual etdim və cavabını da gözləmədən “Türk xalqları atom silahına sahib olandan sonra” dedim…
Moderator Sinem Toluay Ilqaz proqramı reklama götürdü. Reklam fasiləsində Osman Paşa ilə Elif xanımı barışdırdım, türklərin deyimi ilə “İşi tatlıya bağladım”. Ancaq bir general-leytenantla bir politoloqu ortaq məxrəcə gətirmək bilsəniz nə qədər çətinliklə oldu…

Gecə 12-ni xeyli keçmiş kanaldan çıxıb evə gedirdim. Telefonumun səsi birdən qaranlığın səssizliyini dəldi. Uşaqlıq dostum içkili bir səslə “Ala, yekə oğlansan ala, televizora nöş “Fenerbağça” rəngləri ilə çıxırsan?” deyə məni azarladı (“Fener”in rəngləri sarı və mavi rənglərdədir).
Məni kimi “Galatasaray”lıdır sinif yoldaşım. Dedim ki, gələn dəfə “Cimbom”un rəngində – sarı və qırmızı rənglərdə çıxacam efirə. Bir həftə sonra hansısa bir kanala qırmızıya çalan bir pencəyin içinə həmin o sarı köynəyi geyinib çıxdım. O axşam proqrama Buça faciəsinin rəngi – al-qırmızı qan rəngi hakim idi…
Bu gün – 24 avqust Ukraynanın Müstəqillik Günüdür.
“Слава Україні !!!”.
Müəllif: İbrahim Nəbioğlu
