“Kənardan necə göründüyümü, haqqımda nə düşündüyünüzü bilmirəm. Amma bir şeyi bilirəm: mən Davidi 10 yaşına qədər ayağımda yellədib yatızdırmışam – kənd qadınlarının əllərindəki o səssiz fədakarlıqla.
19 yaşımda ana olmuşam. Analıq hissini, onun məsuliyyətini ilk gündən içimdə hiss etmişəm. Konsertlərə, tədbirlərə övladımla birgə getmişəm. Səhnə arxasında süd verib, sonra səhnəyə çıxmışam. İstirahətə də həmişə övladlarımla yollanmışam. Bəli, yanımda dayələr də olub, amma heç vaxt övladlarımı diqqətdən kənarda qoymamışam. Onlar mənim həyatımın mərkəzidir.
Bu gün bir ana olaraq deyirəm: analıq məsuliyyətini anlamayan qadınlar dünyaya uşaq gətirməsinlər. Uşaq yalnız bioloji varlıq deyil – o, sevgi, diqqət və qoruma tələb edən bir ruhdur.
Son zamanlar sosial şəbəkələrdə gördüyüm xəbərlər məni dərindən sarsıdır. Valideynləri tərəfindən işgəncəyə məruz qalan, atılan, zorlanan uşaqları gördükdə uzun müddət özümə gələ bilmirəm. Bu cəmiyyətin vicdanı haradadır? Uşaqlar bizim sabahımızdır – onları qorumaq, sevmək və yaşatmaq bizim borcumuzdur.”
Fuad Biləsuvarlı
Azərbaycan.media
