Afaq Məsud,
Xalq yazıçısı, yazıçı -dramaturq
Əzizim Natiq, bu məktubu sənə ötən ilin sentyabrında – havaların sərinləşməyə başladığı ərəfədə, qoyub getdiyin həmin o sınıq-salxaq Tərcümə Mərkəzindən yazıram.
Niyəsə, indi sənə məktub yazmaq mənə qəribə gəlir. Sənə heç vaxt məktub yazmamışam, ona görə, yoxsa indi səninlə məktub vasitəsi ilə ünsiyyətdə olmağın özü mənə qəribə gəlir?.. Axı həmişə yaxınımda olmusan?!.. Elə indi də bilirəm, hardasa buralardasan. Bunu bəzi səhərlər, əsasən də, sənin sevdiyin havalarda – havanın indiki kimi sərinləməyə başladığı, yağışın, çiskinin, isti bürkülərin qızdırıb tarıma çəkdiyi əsəblərini soyudan vaxtlarda lap dəqiq hiss edirəm. Əvvəl dəhlizin hansı tərəfindənsə partlayan asta gülüşün eşidilir, bir qədər sonra qəbul otağında güldürdüyün qızların səsi gəlir və mən səni görmədiyimdən bəri deyib danışacaqlarımı tələm-tələsik yadıma salmağa başlayıram.
Bizimlə olmadığın bütün bu ili qəribə bir sadəlövhlüklə, ya bəlkə itki sızıltıları hələ sovuşmayan canımı qorumaqdan ötrü sənin yenə həmişəki kimi – uzun fasilələrlə tənbəlliyindən, yaxud bu dünyadan iyrəndiyinə görə küçəyə çıxa bilmədiyindən gəlməyib, ara-sıra telefonla hal-əhval tutacağından arxayın idim. Yəni sən, həqiqətən, bir də heç vaxt gəlməyəcəksən?..
İndi hardasan?.. Bu məktubum çatacaqmı sənə?…
Eyvaz dünyasını dəyişəndə, yadındadı, ağrılarıma dözə bilmirdin, balaca əllərini dizlərinin arasında cütləyib uşaq kimi qarşımda otururdun, dinməz-söyləməz üzümə baxırdın, özün də gülümsəyirdin ki, birdən çəkdiyin ağrıların ciddiliyini anlayaram?.. Axı sən həmişə məni balaca hesab eləyirdin?!.. Bəlkə də sən haqlısan. Mən, niyəsə, heç cür böyümürəm. Ömrüm uzunu bir-birinin ardınca verdiyim itkilərdəndi, ya nədəndi ki, elə bil yaşa dolmuram, daim hayandansa üstümə axan bitib-tükənməz yetimliyin zədələrindən azad ola bilmirəm. Görən niyə, hə?..
Aydın öləndə də, mən ağladıqca üzümə pərt-pərt baxıb gülümsəyirdin. Elə gülümsəyirdin, elə bil onun ölməyindən xəcalət çəkirdin.
Bəs indi necə, gülümsəyirsən?.. Axı mən yenə ağlayıram.
Qəribədi ki, hüzr məclisindən sonra sənin üçün ilk dəfədi ağlayıram. Görünür, bir daha gəlməyəcəyini yalnız indi anlayıram, sənə məktub yaza-yaza. Özün belə öyrətmişdin məni. Gah tez-tez gəlirdin, gah da aylarla adamla heç danışmaq istəmirdin. Bilirəm, sənin üçün maraqlı deyil, amma hər halda yazıram: Mərkəzdə hər iş öz qaydasıyla gedir. «Xəzər»in ikinci sayının çapdan çıxmasını gözləyirik. Sənin əvəzolunmaz tərcümələrinin yerini heç kim doldura bilmir. Necə də bu vaxta qədər ağlıma gəlməyib ki, jurnalda klassik tərcümələri yada salan boş bir rubrika açaq. Yaxud səni andıracaq boş səhifə, tərcümələrin olmayan boşluğun altında isə imzan.
İndi Ramiz də, Zakir də jurnalın işinə çox köməklik edirlər. Görürlər axı, təkəm. Yaşar da, Nəriman da, İbrahim də həvəslə işləyirlər. Hələ təzə bir qızımız da gəlib – Ülkər. Sözün əsl mənasında, sənin davamçındır. Danışmaqla arası yoxdu, ədəbiyyatı sənin kimi – dərisi ilə hiss edir, sənin kimi də işgüzardı.
Ramizi görəndə, niyəsə, elə bil səni görürəm. Axı o da sənə çox bağlıdı. Biz, ümumiyyətlə, niyə bu qədər bir-birimizə bağlıyıq?..
Görürəm, Ramiz də məni görəndə pis olur, amma üzə vurmur. Eləcə Vaqif də, Zakir də, sevimli oğlun Şahbaz da. Sənin barəndə danışmağa burda heç kim ürək eləmir. Məni ağrıtmaqdan qorxurlar, ya özlərini sənin ağrından qoruyurlar?.. Səndən sonra hamı üçün qorxmağa başlamışam. Gah Ramiz üçün qorxuram, gah Vaqifdən nigaran qalıram.
Məndən nigaran qalma. Özün ki bilirsən, belə zədələrə öyrəncəliyəm. Bunu da birtəhər ötüşdürəcəyəm. İnsan nəyə öyrəşmir ki?!.. Başımı sufilərlə qatıram.
Sənə gör bir nə deyirəm. Deyirdim həmişə sənə ki, bu təhsil, kitablar və sairə mənə heç nə vermir?.. Mənə verilən, hisslərim və duyğularımla verilir?.. Mən bir onların köməyi ilə maariflənirəm?..
Bax ki Məhəmməd peyğəmbər bu barədə nə deyib:
«Ay Allah, Sənə tərəf, heç bir fayda götürmədiyim biliyim sarıdan qaçıram…» Dahiyanəydi, yox?.. Bir də Qəzalinin qısa tərcümeyi-halını oxuyanda yaman kövrəldim.
«Bağdadın baş mədrəsəsinin baş müəllimi, İslam hüququ müdərrisi (professoru) Məhəmməd əl-Qəzali qəfildən naməlum səbəbdən işini yarımçıq buraxaraq şəhəri tərk edir… Var-dövlətindən, əmlakından imtina edən sufi, zahidliyə, tərki-dünyalığa çəkilir. Bir neçə ildən sonra ailəsinin davamlı təkidi, zahidlik həyatının codluğuna davam gətirməyən bədəninin hökmüylə yenidən mədrəsəyə qayıdırsa da, tezliklə (dörd ildən sonra) yenidən şəhəri tərk edib bu dəfə əbədi olaraq, yoxluğa qərq olur. Bir müddətdən sonra böyük sufinin, dünyasını uzaq səhralıqda yerləşən kimsəsiz mağaraların birində – ac, tənhalıq həyatında dəyişdiyi məlum olur».
İslamın sütunu sayılan Əl Qəzalinin həyatı barədə bu qısa bioqrafik məlumat, niyəsə, mənə sənin kədərli xatirələr və əziyyətlər dolu iztirablı, çətin həyatını, Mərkəzdə işlədiyin dövrləri, burdan küsüb getməyini, bir qədər sonra bizim təkidimizlə geriyə qayıtmağını, sonra yenə, bu dəfə bizləri əbədi tərk etməyini xatırladır…
Axı sən incə idin?!. Havanın temperaturundan tutmuş, insanların üzlərinin ifadələrinədək, hər şey sənə öldürücü dərəcədə təsir eləyirdi. Gah qıcıqlandırır, gah kövrəldirdi… Bircə kəlmə söz, yaxud Günəşin naqolay şüası səni məhv edə, yaxud göylərə qaldıra bilirdi…
Bir müddət xəstə yatan Vaqif sağalıb işə çıxanda necə ağladığın yadındadı?..
Bilirəm, indi bizlərə deyiləsi nə qədər sözün var, nə qədər acılı-şirinli təəssüratın yığılıb. Kədərli və gülməli. Axı sən ən kədərli şeylərdə belə gülməli olan nə isə tapmağın ustası idin?!..
2005-ci il, sentyabr
Azərbaycan.media
