🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Süleyman Abdullanın şeirləri

Bu olmur

 

Nə usanar, nə bezikər yalandan,

Adam var ki, sifətində su olmur.

Yüz yaxala, yoxsa vicdan paklığı,

Əllərini min suya çək, yu, olmur.

 

Ərşə durub nadan kəsin gileyi,

Hey inlədir qəlbindəki qəm neyi.

Bu dünyanın eyni vaxtda hər şeyi…

Məsəl üçün, – o olursa, bu olmur.

 

Çəkib getməz başımızın davası,

Rasta çıxar çöllərin ən yavası.

Sümüyünə çətin düşə havası,

Hər sonuncu rəqs eyləyən qu olmur.

 

Payız

 

Vaxtına çəkmədi deyiləsi söz,

Bir yay axşamıydı, bəlkə də payız…

Getməyə gecikdik üzü bahara,

Tələsdi gəlməyə vaxt-vədə, – payız.

 

Elə döyəcləyir pas damı yağış

Alır darıxmağa adamı yağış…

Gündüzü çən-duman, axşamı yağış

Gəldi ildırımla bir hədə payız…

 

Bir qış boranısa başa yağan qar,

Toz qopan yolları bağlayıbsa tar…

Adamın qəlbində nə isti yay var,

Nə bahar bahardı, heç nə də payız.

 

Quzey adam

 

Düz düşüb axına tərsinə axdı,

Elə bir sularda səhv teylənirdi…

Demək gecikməyə var imiş vaxtı,

Zaman azlığından gileylənirdi.

 

Açdı ürəyini kimə ərk edib,

Çətindi yaşamaq haqqı dərk edib.

Son iki ildi ki, sevinc tərk edib,

Dərd ilə oynayıb qəm əylənirdi.

 

Dünən dost dediyin bu gün yağıdır,

Qara bəxtə düşən yolun ağıdır.

Adamın ciyəri buz yatağıdır,

Quzeydə dayanıb güneylənirdi…

 

İçindən

 

Ağ bulud gətirər yağış,

Bir topa qarın içindən.

Sevinc də tapılar, hətta

Dərdin-azarın içindən.

 

Üz var ey, üzdə su yoxdu,

Düzdə sağ olan düz yoxdu…

Sən hardan tapdın bu “yox”u

Bu qədər varın içindən?

 

Xəzan xəzələ çətirdi,

Boz duman sınan xətirdi.

Vaxt sənə ürək gətirdi,

Keçib qübarın içindən.

 

Azərbaycan.media