🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Adilə Nəzərin şeiri

A SEVDA, SEVDA

Bu elə dərddir ki, dərmanı yoxdur,
Hardadır loğmanım, a Sevda, Sevda.
Ürəyim yanğıdır, imanı yoxdur,
Görünmür dumanım, a Sevda, Sevda.

Nə ağır dərd oldu anam, oy, anam,
Oxlanam, oxlanam, qana boyanam,
Günüm də gecədir, necə oyanam,
Bitmədi amanım, a Sevda, Sevda.

Bağam xəzan vurmuş, barımdan iz yox,
Yoxum qaldı mənə, varımdan iz yox,
Qara torpaq oldu, yarımdan iz yox,
Yoxdu bir gümanım, a Sevda, Sevda.

Əllərim üşüyər, saçlarım ağlar,
Həsrətin əlindən ürəkdə dağlar.
Soruşan olarsa, Sevdan nə bağlar?
Qaralar sultanım, a Sevda, Sevda.

Başımdan dolandı nə qara yellər,
Apardı Saranı o qanlı sellər..
Gözlədim, gözlərəm, obalar, ellər,
Dönmədi Mehmanım, a Sevda, Sevda.

Adilə Nəzər 22.08.2025