Bir rəfiqəm intihar etmişdi. İntiharın səbəbi adi insanlar tərəfindən məhz çarəsizlik kimi qəbul edildi. Mən bu hadisəyə daha dərindən yanaşmaq qərarına gəlib o dövrdə məşhur olan bir necə psixiatorla söhbət etdim.
Ağabəy Soltanovun, Miron Felin yazdıqlarına, dediklərinə əsaslanaraq belə nəticəyə gəldim ki, intihar edən insanların müəyyən bir məqamda beyinlərində psixi dəyişikliklər baş verir və onları bu həyatla vidalaşmağa məcbur edir.
Məşhur psixiator Miron Fel qeyd edirdi ki, əgər intihar anında insanın yanında yaxınlarından kimsə olub onu bu yoldan çəkindirərsə, faciə baş verməyə bilər.
Başqa sözlə desək, hətta çarəsiz bir insan sevilərsə, sevildiyini hiss edərsə o, intihar etməz.
Məhz bu reallığı öz güclü hissiyyatından, maraqlı yazıçı təxəyyülündən istifadə edərək hörmətli yazıçımız Meyxoş Abdullah öz hekayəsində ustalıqla əks etdirə bilib. Onun hekayədə yaratdığı ürəkləri titrədən səhnə insanlara vacib bir çağırış kimi səslənir. Sanki yazıçı deyir:
-Ey, insan oğlu! Sevdiyini tək qoyma! Çarəsizliyin sevgi adlı əlacı var! Sevdiklərinizə, yaxınlarınıza son dərəcə diqqətli olun! Onların necə yaşadıqları ilə yanaşı, nələr yaşadıqları ilə də maraqlanın!
Hekayəsini “Yaşamaq əzabı” adlandıran yazıcı yaşamaq hissinin əzaba qalib gəlməsini ustalıqla nümayiş edə bilib.
Qəhramanlardan birinin uşaq olması da təsadüfi deyil məncə.
Çünki insanı həyata bağlayan ən güclü varlıq məhz uşaqdır.
“İntihar edən insanlar heç də ağılsız ol murlar”
deyən müəllif bu hekayəni yazarkən hər
detalı çox dərindən düşünüb, yüz ölçüb, bir biçib və sonda intihar etməyə cəhd edib ölümə qalib gələn insanın həqiqətən ağıllı olduğunu təsdiq edib.
“Hər şeyə rəğmən, yaşamaq gözəldir!”
Budur müəllifin hekayə vasitəsi ilə oxucuya çatdırmaq istədiyi.
Hekayəni oxuyub sarsılırsan sonra bir qədər düşünüb dərindən nəfəs alır və deyirsən:
– Yaşamaq gözəldir!
Elə hekayənin özü kimi…

