🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaq-ın Baş katibi Martin Çunqonq ilə görüş keçirib.
Görüş zamanı dövlət başçısı ilə Martin Çunqonq arasında əvvəlki təmaslar məmnunluqla xatırlanıb. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə olunan irəliləyişləri, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasını yüksək qiymətləndirərək Prezident İlham Əliyevi təbrik edib.
Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib və Vaşinqton-da sülh gündəliyi çərçivəsində əldə olunmuş nəticələri qeyd edib. Dövlət başçısı vurğulayıb ki, artıq Azərbaycanla Ermənistan arasında iqtisadi-ticari əlaqələr formalaşmağa başlayıb və Azərbaycan birtərəfli qaydada Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyətləri aradan qaldırıb.
Söhbət zamanı Prezidentin İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi dəyərləndirilib.
Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun təşviqində rolunu müsbət qiymətləndirib. Eyni zamanda, iki ölkənin parlament sədrləri arasında sülh prosesinə dair mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, mina problemi və bunun mülki əhali üçün yaratdığı çətinliklər də müzakirə olunub. Həmçinin Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.