Azərbaycan.media xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Marneulinin Şulaver kəndində keçirilən fermer aksiyasına münasibət bildirərək azərbaycanlı fermerlərlə həmrəy olduğunu açıqlayıb və müxalifəti fəal olmağa çağırıb.
Saakaşvili bildirib ki, Marneuli bölgəsində yaşayan fermerlər hazırda sosial və iqtisadi çətinliklərlə üzləşiblər və bu vəziyyətin əsas səbəbi kimi hakimiyyətin siyasətini göstərib. O, regiondakı azərbaycanlı əhalinin əvvəllər təzyiqlərlə üzləşdiyini, özünün isə həmin dövrdə onların hüquqlarının müdafiəsinə çalışdığını qeyd edib.
Sabiq prezident həmçinin Tiflisdəki müxalif qüvvələrə müraciət edərək onları yerində vəziyyəti öyrənməyə və kəndlərdə yaşayan vətəndaşlarla birbaşa təmas qurmağa çağırıb. Onun sözlərinə görə, yalnız studiyalardan və bəyanatlardan çıxış etmək kifayət deyil, real problemlərin yerində araşdırılması vacibdir.
Saakaşvili vurğulayıb ki, müxalifət “xalqın yanında olmalı, birləşməli və vətəndaşların problemlərinə daha fəal şəkildə qoşulmalıdır”.
