Azərbaycan.media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə təlim və tərbiyə proseslərinin paralel şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Nazir “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, təhsil sistemində təkcə akademik nəticələr deyil, eyni zamanda şagirdlərin tərbiyəsi və psixoloji-emosional inkişafı da diqqət mərkəzində olmalıdır.
Onun sözlərinə görə, dəyərlərə əsaslanan təhsil modeli daha yüksək nəticələrin əldə edilməsinə şərait yarada bilər.
Emin Əmrullayev qeyd edib ki, təhsil nailiyyətləri iki əsas istiqamətdə qiymətləndirilir: birincisi təlim və nəticələrdir ki, bunlar imtahanlarla ölçülə bilir, ikincisi isə tərbiyə prosesidir və bu sahəni ölçmək daha çətindir.
Nazir əlavə edib ki, müasir təhsil sistemində şagirdlərin yalnız bilik deyil, həm də sosial və emosional inkişafı prioritet istiqamətlərdən biri olmalıdır.
