Azərbaycan.media xəbər verir ki, yazıçı Rəşad Səfərin “Cənubda ən uzun gün” adlı romanı işıq üzü görüb.
Əsər “Park” nəşriyyatında çap edilib və mayın 4-dən etibarən kitab mağazalarında satışa çıxarılacaq.
Romanın əsas qəhrəmanı Şahin İsgəndərlidir. O, Buenos-Ayresdə səfir kimi fəaliyyət göstərir və ədəbiyyat, karyera və ailə arasında yaşadığı daxili tərəddüdləri geridə qoyduğunu düşünür. Lakin Bakıda baş verən bir xəbər onun sakit həyatını dəyişir və uzun illər qurduğu ruhi tarazlığı sarsıdır.
Əsərdə keçmişlə indiki zaman arasında əlaqələr, baş verən hadisələrin səbəblərinin araşdırılması və insanın daxili mübarizəsi kimi mövzular ön plana çıxarılır.
Qeyd edək ki, bu, müəllifin üçüncü kitabıdır. Rəşad Səfər 2018-ci ildə “Adalar və Gəmilər” hekayələr kitabı, 2022-ci ildə isə “Keçilərin nəğmələri” romanı ilə oxuculara təqdim olunub.
Romanın redaktoru şair Şəhriyar Del Gerani, korrektoru yazıçı Nadir Yalçın, üz qabığının müəllifi isə rəssam-qrafik Rəsul Həsəndir.
