🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nizami” yaxınlığında tikiləcək B5 stansiyası ilə bağlı mübahisə – rəsmi qurumdan cavab

Azərbaycan.media xəbər verir ki, Bakıda “Nizami” metrostansiyası yaxınlığında planlaşdırılan B5 stansiyasının tikintisi ilə bağlı səsləndirilən tənqidlərə Bakı Metropoliteni QSC münasibət bildirib.
Məlumata görə, hüquqşünas Sahib Məmmədov layihəni tənqid edərək ərazinin hidrogeoloji baxımdan uyğun olmadığını və yeraltı suların aktiv zonasında yerləşdiyini qeyd edib. O, həmçinin layihənin çox baha başa gələcəyini və alternativ olaraq bir neçə stansiyanın tikilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Bakı Metropoliteni bildirib ki, layihələndirmə zamanı ərazinin mürəkkəb geoloji xüsusiyyətləri, dərinlik göstəriciləri və digər mühüm amillər ətraflı şəkildə nəzərə alınıb, bütün risklər qiymətləndirilib.
Qurum qeyd edib ki, “Nizami–28 May” xəttinin uzunmüddətli istismar təcrübəsi də təhlil olunub və tikinti zamanı müasir, təhlükəsiz texnologiyalardan istifadə ediləcək. Bildirilib ki, yeni stansiya sərnişin axınının daha effektiv tənzimlənməsinə, nəqliyyat inteqrasiyasının genişlənməsinə və xüsusilə “Nizami” stansiyasında əlavə çıxışın yaradılmasına imkan verəcək.
Eyni zamanda, B5 stansiyasının tikinti dəyəri ilə bağlı suala konkret cavab verilməyib.
Qeyd edək ki, dövlət proqramına əsasən, 2030-cu ilə qədər Nizami metro stansiyası yaxınlığında, Mərkəzi Parkın altında yerləşəcək B5 stansiyasının inşası planlaşdırılır.