Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma, sərbəst və qadın güləşi üzrə medal qazanan idmançıları və onların məşqçilərini qəbul edib.
Məlumata görə, dövlət başçısı görüşdə çıxış edərək milli komandanı böyük qələbə münasibətilə təbrik edib və bu uğurun bütün xalqda qürur hissi doğurduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycan güləşçiləri bir daha Avropada lider olduqlarını sübut ediblər.
İlham Əliyev vurğulayıb ki, hazırda həm Avropa, həm də dünya miqyasında güləşdə rəqabət xeyli güclənib və belə şəraitdə komanda hesabında birinci olmaq xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan idmançıları yarışlarda peşəkarlıq nümayiş etdirərək rəqiblərini ədalətli mübarizədə məğlub ediblər.
Dövlət başçısı güləşin ölkədə dərin ənənələrə malik olduğunu, bu ənənələrin uğurla davam etdirildiyini və gənc idmançıların da yüksək nəticələr göstərməsinin düzgün məşq və seleksiya sistemindən xəbər verdiyini bildirib.
Prezident həmçinin qeyd edib ki, beynəlxalq yarışlarda Azərbaycanın bayrağının ucaldılması cəmiyyətdə böyük sevinc yaradır və bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
İlham Əliyev federasiyanın fəaliyyətinə də toxunaraq bildirib ki, Olimpiya çempionlarının və tanınmış idmançıların idarəçilikdə və məşqçi heyətində təmsil olunması uğurların davamlılığını təmin edir. O, bölgələrdə idmanın inkişafı, Olimpiya idman komplekslərinin və güləş zallarının fəaliyyətinin gələcək nailiyyətlərin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi təcrübəsinin də yüksək olduğunu qeyd edərək Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin uğurla keçirildiyini xatırladıb.
Daha sonra idmançılar çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezidentə təşəkkürlərini bildiriblər. Sərbəst güləşçi Turan Bayramov komandanın ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu vurğulayıb və gələcəkdə daha böyük uğurlar qazanacaqlarını bildirib.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov çempionatda qazandığı qızıl medalın karyerasında dördüncü olduğunu qeyd edərək, bu nəticə ilə Azərbaycan güləş tarixində rekord əldə etdiyini deyib.
Qadın güləşçi Jalə Əliyeva isə böyüklər arasında ilk Avropa mükafatını qazandığını bildirərək, dövlət tərəfindən göstərilən diqqətin idmançılar üçün böyük motivasiya olduğunu vurğulayıb.
Sonda Prezident İlham Əliyev idmançıları bir daha təbrik edib, onların həm yarışlarda, həm də gündəlik həyatda nümunəvi davranış sərgiləməsinin vacibliyini qeyd edərək yeni qələbələr arzulayıb.


























