Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə əlaqədar yeni qaydaların icrasına başlanılıb. Yeni tələblərə əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslər üçün mümkün olacaq.
Məlumata görə, bu barədə Asharq Al-Awsat qəzetinə istinadən xəbər verilib. Bildirilib ki, müqəddəs şəhərə yalnız Məkkədə verilmiş yaşayış icazəsi olanlar, Həcc vizası əldə edən zəvvarlar və mövsüm ərzində rəsmi şəkildə işləmək icazəsi olan şəxslər buraxılacaq.
Vurğulanıb ki, səlahiyyətli qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək. Mövsüm ərzində çalışan əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada Absher və Muqeem portalları vasitəsilə təqdim olunur.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini təmin etmək və ibadətin rahat şəkildə yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlər elan edib. Nazirlik Ümrə vizası ilə ölkəyə gələn zəvvarlar üçün son çıxış tarixinin aprelin 18-i olduğunu açıqlayıb.
Eyni zamanda bildirilib ki, Nusuk platforması vasitəsilə Ümrə vizalarının verilməsi ölkə vətəndaşları, Körfəz ölkələrinin sakinləri, ölkə daxilində yaşayan əcnəbilər və digər viza sahibləri üçün mayın 31-dək dayandırılıb.
Açıqlamaya əsasən, aprelin 18-dən etibarən yalnız Həcc vizası olan şəxslərə Məkkə şəhərinə daxil olmağa və orada qalmağa icazə veriləcək. Nazirlik Həcc mövsümü ilə bağlı müəyyən edilmiş qaydalara ciddi əməl etməyə çağıraraq bildirib ki, bu tələblərin pozulması qanunvericiliyə uyğun olaraq cərimə və digər sanksiyalarla nəticələnə bilər.
