Azərbaycan.media xəbər verir ki, ABŞ və İsrailin İran ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində ölkəyə böyük məbləğdə iqtisadi zərər dəyib.
APA-nın məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani “RİA Novosti”yə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, ilkin hesablamalar ziyanın təxminən 270 milyard dollar təşkil etdiyini göstərir.
Mühacirani qeyd edib ki, təqdim olunan rəqəmlər hələlik təxmini xarakter daşıyır. Daha dəqiq göstəricilər hökumətin iqtisadi bloku tərəfindən çoxmərhələli qiymətləndirmə prosesi nəticəsində müəyyən ediləcək.
Bildirilib ki, ziyanın hesablanması bir neçə istiqaməti əhatə edir. Bunlara binalara və infrastruktura dəyən zərərin qiymətləndirilməsi, büdcə gəlirlərinin azalması, eləcə də sənaye müəssisələrinin fəaliyyətinin dayanmasının iqtisadi təsirləri daxildir.
Rəsmi qurumlar yekun nəticələrin yaxın vaxtlarda açıqlanacağını bildiriblər.
