🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elman Tovuz və Sözü

 

Azərbaycan.media xəbər verir ki, təqdim olunan yazı Meyxoş Abdullah tərəfindən qələmə alınıb və Elman Tovuzun şəxsiyyəti ilə yaradıcılığına həsr olunub.

Elman Tovuz…
Yaşasaydı 65 yaşı tamam olacaqdı… Çox heyf…

“Sən məni bağışla, Ya Qibləgahım!
Bəlkə də göylərə yetişmir ahım.
Nə suçum bəllidir, nə də günahım,
Nədən, “ömürlükdü” bu cəzam, dünya?!..”

Elmanla çoxdan tanış idik. Amma onunla ilk dəfə olaraq, 2011- ci ildə, öz halal ocağında görüşdük. O günə qədər onun xəstə olduğunu bilmirdim. Elmanı əlil arabasında görəndə, heyrətdən donub yerimdə qaldım. O isə qollarını geniş açaraq, xırıltılı səslə gülə-gülə: – “Pah… qadan alaram e… Bə, nə bilmişdin?! Elə bilirdin, mən balaca adamam, darvazaya qədər qarşına yüyürə-yüyürə gələcəm”.
Onda məni qəfil hıçqırıq böğdu və dizə çöküb, ilk olaraq Elmanın oturduğu əlil arabasının təkərlərindən öpdüm və hönkürdüm.
Onunla ilk və son görüşümüz belə oldu. O vaxtdan nə qədər cəhd etsəm də, bir də heç vaxt onunla görüşmək mənə qismət olmadı.
Elman aciz adam deyildi. Əksinə, o hamımızdan güclü, iradəli və səbrli idi. Onu tanıyanlar bilir ki, Elman heç vaxt dərd-sərindən şikayətlənməzdi. Ağrı-acısını da, dostlarına gülə-gülə danışırdı. Onunla söhbət edəndə, adam bütün əzablarını unudardı. Daha doğrusu, onun yanında adam öz dərdlərini dilə gətirməyə utanardı.
Neçə illər bundan qabaq “Dəli gülüş” adlı bir hekayə yazmışdım. O hekayənin qəhrəmanı saz ifaçısı olan bir xanım idi. Onu mənlə Elman tanış etmişdi. Həmin hekayədə Elman qardaşımızın da “Dünya”şeirindən bir parça qələmə almışdım. Hər dəfə Elman hekayəni oxuyandan sonra mənə zəng edib deyərdi: – Qardaş, qulağıma “Aran gözəlləməsi”nin sədaları gəlir, e…
Elman hamımız üçün gözəl insan, doğma qardaş, vəfalı dost, istedadlı şair və Allahın yaratdığı ən əziz bəndə idi. Özü yaşamaq eşqiylə, ömrü boyu mücadilə aparsa da, bizlərə həyatın, yaşamağın, sevməyin necə gözəl bir nemət olduğunu öyrədirdi. Biz onu cismani olaraq itirsək də, sözün həqiqi mənasında böyük bir Elman Dünyası qazandıq. O dünya ki, nə qədər ömrümüz var Elmanla birgə yaşayacaq və onu xatırlayacağıq…

 

Meyxoş Abdullah

Mənbə: Azərbaycan.media