🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Südabə Sərvi: “Bağışlamağı bacarıram və rahat oluram”

Onu illərdi tanıyıram. Ciddi və istedadlı qələm sahibidir. Özünə və qarşısındakına dəyər
verməyi bacarır. Ədəbiyyata şeirlə gəlsə də, sonradan nəsrə keçmişdir. Və bunu xüsusi
qeyd edim ki, nəsrdə də çox böyük uğur qazandı. Çox səmimidir. Olduğu kimi görünən
insanlardandır. Heç vaxt qapı döyən, xahiş edən olmayıb. Bəlkə buna görə də ədəbi
mühitdə böyük hörməti var.
Söhbət yazıçı-publisist, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı,
13 kitab müəllifi Südabə Sərvidən gedir.
Onunla söhbətmiz çox səmimi alındı. Çünki müsahibim özü də səmimiydi.

-Südabə xanım, xoş gördük.

-Xoş gününüz olsun.

-Siz Göyçayda doğulmusunuz, 30 ildi Bakıda yaşayırsınız.

-Bəli. Göyçay mənim üçün doğma ocaqdır, ata yurdumdur. O torpağın hər qarışı mənə
əzizdir.

-Sizinlə söhbətim ad gününüzə təsadüf edir. Özünüzü necə hiss edirsiniz?

-Özümü çox yaxşı hiss edirəm. Həmd olsun Allaha.

-Bu xoş əhval sizin yeni “Kölgə kod adı Umbra” adl kitabınızın çıxması ilə əlaqədar deyil
ki?

-Bəli, elədir. Çox doğru. Yazıçı üçün ən böyük xoşbəxtlik onun yeni əsərinin dünyaya
gəlməsidir . Kitab yazıçının övladıdır. Çox sevinirəm ki, bir yeni övladım da dünyaya gəldi.

-Südabə xanım, siz dünyada çox az yazılan detektiv janra müraciət etmisiniz. Səhv
etmirəmsə, detektiv janrda ilk kitabınızdır.

-Bəli, bu mənim detektiv janrda ilk romanım və 13-cü kitabımdır. Mən bu əsəri on ilə
yazmışam. Hər sətrin, hər misranın üstündə əsmişəm, məsuliyyətini dərk edərək
yazmışam. Bəzən qəhrəmanlarla birlikdə ağlamışam. Ona görə mənə çox əzizdir bu
kitab. Romanda türmə səhnəsi var. Yadımdadır, 2000-ci ildə jurnalist kimi 6 saylı
cəzaçəkmə müəssisəsində olmuşdum və o anlar ömürlük beynimə həkk olmuşdu: həmin
məhkumların geydiyi paltarlar, simalarındakı ifadələri…hamısını kitabda təsvir etmişəm.
Daha sonra pis vərdişlərin qurbanı olan qız və onun acı taleyi də kitabda yer alıb.

-Necə oldu ki, bu cür çətin bir janra müraciət etdiniz?

-Sual üçün təşəkkür edirəm. Bilirsiz, indi cəmiyyətdə çox hadisələr baş verir, haqsız yerə
öldürülən insanlar, pis vərdişlərin qurbanı olanlar. Gənclər, yeniyetmələr…Bunlar
həmişə məni narahat edib, daxilən əzab verib və mənə deyib ki, yaz. Əsərdəki hadisələr
günümüzün reallıqlarıdır.

-Siz həmişə real hadisələri qələmə alırsınız?

-Əslində bəli. Əsərlərimin qəhrəmanları real insanlardır. O vaxt güclü əsər yaranır ki,
yazıçı o hadisələri güclü təxəyyülü ilə beyninin sücgəcindən keçirib yazır və özü də o ağrı-

acıları qəhrəmanları ilə birgə yaşayır. Yazıçının istedadı təxəyyülü ilə birləşəndə güclü
əsər meydana çıxır. Amma bu, bir günün, beş günün işi deyil. Gərək aylarla, bəzən illərlə
zəhmət çəkəsən. Zəhmətsiz istedad heç bir şeydir. Mən əsərlərimi yazan kmi çap
etdirməyə tələsmirəm. Üstündə dəfə dəfə işləyirəm, redaktə edirəm. Nəticədə,
oxucularımın dediiyinə görə, güclü əsər alınır (gülür).

-Südabə xanım, bu il yaşınızın üstə bir yaş da gəldi. Doğum günlərinizi necə qeyd
edirsiniz?

-Mən illərdi doğum günümü qeyd etmirəm. Amma çoxlu təbriklər gəlir. Dünyanın hər
yerindən. Və bu mənə böyük stimul verir. Düşünürəm ki, hələ yaşamağa dəyər.

-Siz pozitiv insansınız?

-Bəli. Mən qoç bürcüyəm. Və çox pozitiv, enerjili, daxilən və elə zahirən də heç vaxt
sınmayan, əyilməyən qadınam. Daim yazmaq istəyirəm. İçimdə çox mövzular var.

-İlk olaraq təbriki kimdən almaq istərdiniz?

-Övladlarımdan. Artıq almışam. Oğlum mənə elə hədiyyə verdi ki, təəccübləndim. Sonra
sevdiklərimdən və məni sevənlərdən. Artıq dünəndən təbriklər başlayıb. Mən burdan
məni təbrik edən bütün dəyərli insanlara öz təşəkkürümü bildirirəm.

 

 

-Mən belə başa düşdüm ki, yazmaq sizin üçün bir daxili ehtiyacdır.

-Elədir, Fuad. Mən uşaqlıqdan orta məktəbdə oxuyarkən ssernarilər, pyeslər yazırdım,
gündəlik tuturdum. İndi bir gün yazmasam, yaşaya bilmərəm. Kompüterimdə nə qədər
çap olunacaq kitablarım-romanlarım, tarixi mövzularım var. Çapı üçün heç kimə
müraəciət etməmişəm. Amma elə kitablar var ki, məsələn, hamımız üçün lazımlıdır,
əlbəttə, çapı üçün müraciət edəcəm.

-Siz tanınan bir yazıçısınız. Gözəl qələminiz var. Sizi oxucular daha çox hansı
xüsusiyyətlərinizə görə sevir və qəbul edirlər?

-Bunu oxucularım deyə bilər. Amma mən onları çox sevirəm. Çalışıram, qarşımdakı
insana səmimi olum. Oxucularım mənə elə gözəl sözlər yazırlar ki, bu artıq bir yazıçıya
verilən dəyərdir.

– Paxıllığınızı çəkənlər çoxdur?

-Var. Hiss edirəm. Mən nə qədər bunu bilsəm də, əhəmiyyət vermirəm. Bağışlamağı
bacarıram və rahat oluram. Bilirsən, insan bağışlamayanda, kin ürəyini deşir. Nəticədə
həmişə siması tutqun olur.Yadıma bir xatirə düşdü. İllər öncə mən İctimai televiziyada
işləyəndə yazıçı Qılman İlkini çəkməyə getmişdik. Kişinin doxsan yaşı vardı, gözləri yaxşı
görür, qulaqları da yaxşı eşidirdi. Həm də yaşından xeyli cavan görünürdü. Mən bunun
səbəbini soruşanda, dedi ki, mən paxıl deyiləm. Və əlavə etdi ki, paxıl adamların rəngi
boz olur. Ümumiyyətlə, Fuad, hər sahədə paxıllıq var və bu, insanları irəli getməyə
qoymur. Nəticədə cəmiyyətdə deqrodasiya yaranır. Sosial şəbəkələrdə yazılan bəzi
rəyləri oxumağınız kifayətdir. Və bir gileyimi də qeyd edim, maarifləndirici, ya da
tariximizlə bağlı bir yazı paylaşırsan, statistikaya nəzər yetirəndə, görüsən ki, baxış sayı
minlərlədir. Bəyənmə isə yüzü ancaq keçir. Əgər bir başqası hər hansı bir bayağı yazı

paylaşırsa, dərhal yüzlərlə bəyənmə gəlir. Heç düşünmək istəmirəm ki, insanların
düşüncəsi belədir. Zənnimcə, elə bu da bir cür paxıllıqdır.

-Yeri gəlmişkən, sizin bir tarixi sənədli romanınız da var, bir müsahibənizdə demisiniz ki,
o əsər də sizə çox doğmadır. Və əsərin qəhrəmanı real həyatda yaşayıb.

-Bəli. “Ağrıların kölgəsi” əsərinin qəhrəmanı doktor Fəxrəddin Türkelli həyatda yaşayıb,
1918-ci ildə o dəhşətli hadisələrin şahidi olub. Yeddi yaşı olanda ailə üzvlərini erməni
daşnakları məhv edir, özü isə qaçıb daşın arxasında gizlənir, türk əsgərləri gəlib onu
xilasd edirlər. Bu hissə də çox təsirlidir… Kitab haqqında çox yazılıb.

-Hazırda hansı əsərlər üzərində işləyirsiz?

-Hazırda paralel olaraq bir neçə kitab, o cümlədən adını çəkdiyim “Ağrıların kölgəsi”
əsərinin ardı olaraq 1918-ci il Göyçay döyüşləri haqqın da sənədli roman və adını hələlik
çəkmək istəmədiyim bir əsər üzərində işləyirəm. Birinci Qarabağ şəhidləri və qaziləri
haqqında çoxdan hyazdığım “Açılmayan güllə” kitabını isə yaxında çapa göndərəcəm.

-Nə gözəl. Sizinlə söhbət eləmək xoşdur, Südabə xanım. Sizə uğurlar, qadın xoşbəxtliyi
və yaradıcılıq uğurları arzulayıram.

-Təşəkkür edirəm, Fuad. Sizin  Azərbaycan.media saytını həmişə izləyirəm. Sizə də uğurlar!

 

 

Söhbətləşdi Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media