🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan və Gürcüstan avtomobil daşımaları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan.media xəbər verir ki, aprelin 8–9-da Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib.
Görüş çərçivəsində iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
İclas zamanı 2026-cı il üçün əlavə icazə blanklarının mübadiləsi barədə razılıq əldə edilib. Belə ki, ikitərəfli və tranzit daşımalar üzrə 10 min, üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün isə 2 500 icazə blankı ayrılıb.
Statistik göstəricilərin təhlili və artan yük axını nəzərə alınaraq, 2027-ci il üzrə icazə blanklarının ilkin kvotası da artırılıb. Buna əsasən, ikitərəfli və tranzit daşımalar üzrə kvota 18 faiz artırılaraq 65 minə, üçüncü ölkələr üzrə daşımalar üçün isə 50 faiz artırılaraq 7 500-ə çatdırılıb.
Tərəflər avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini və son dövrdə beynəlxalq yük daşımalarının həcmində əhəmiyyətli artım müşahidə olunduğunu vurğulayıblar. Bununla yanaşı, daşımaların fasiləsiz və səmərəli təşkili üçün əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, Azərbaycan Türkiyə, Özbəkistan və Qırğızıstan ilə elektron icazə sistemi (e-permit) tətbiqini uğurla həyata keçirir, Qazaxıstan ilə isə bu sistemin tətbiqi üzrə işlər yekun mərhələdədir.
Gürcüstanla icazə blanklarının elektronlaşdırılması məqsədilə e-permit sisteminin tətbiqi məqsədəuyğun hesab olunub. Bu istiqamətdə işlərin sürətləndirilməsi üçün mayın 1-dən birgə texniki işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.
İclasın yekununda tərəflər arasında müvafiq protokol imzalanıb.