Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərini qəbul edərkən Zəngəzur dəhlizində avtomobil yolunun 90%-i, dəmir yolunun isə 70%-i tamamlandığını açıqlayıb.
Dövlət başçısı bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika və tranzit imkanlarının genişləndirilməsidir:
“Ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi və digər layihələr daha böyük önəm daşıyır. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb: dəmir yolları, Bakı Ticarət Limanı, avtomobil yollarımız və hava limanlarımız tam hazır vəziyyətə gətirilib. Zəngəzur dəhlizində avtomobil yolunun təqribən 90%-i, dəmir yolunun isə 70%-i tamamlanıb və ümid edilir ki, yaxın gələcəkdə layihə tam icra ediləcək.”
Prezident həmçinin Türkiyədə Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verildiyini qeyd edərək, bu layihələrin koordinasiyalı icrasının yeni bir beynəlxalq dəhlizin açılmasına imkan yaradacağını vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, bu infrastruktur birinci mərhələdə 15 milyon ton yük daşınmasına hesablanıb, gələcəkdə isə həcmin artacağı gözlənilir. Bu yeni dəhlizin həm ölkələr, həm də geniş region üçün strateji əhəmiyyət kəsb etdiyini qeyd edərək, layihələrin sülh, əməkdaşlıq və qarşılıqlı maraqlara xidmət etdiyini diqqətə çatdırıb.
