🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türk Dövlətləri Təşkilatı regional və qlobal səviyyədə rolunu gücləndirir

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri Novruzəli Aslanov Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının hökumət başçılarının son toplantısı ilə bağlı açıqlamasında təşkilatın artıq sadəcə əməkdaşlıq platforması olmadığını, vahid strateji baxışa malik siyasi birlik kimi formalaşdığını bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Türk dünyasının yalnız siyasi və iqtisadi maraqlarla deyil, həm də dərin mənəvi və tarixi bağlarla birləşdiyini qeyd edib: “Biz dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur.”
Novruzəli Aslanov bildirib ki, toplantıda təşkilatın beynəlxalq çəkisinin artması da diqqət mərkəzində olub: “Türk Dövlətləri Təşkilatı həm bölgədə gedən proseslərə təsir imkanlarını artırır, həm də qlobal səviyyədə rolunu gücləndirir.” O əlavə edib ki, təşkilat artıq regional proseslərdə mühüm aktor olmaqla yanaşı, qlobal gündəlikdə də öz yerini möhkəmləndirir.
Deputat Türk dünyasının birliyini şərtləndirən əsas amillər kimi ortaq köklər, coğrafi yaxınlıq və qarşılıqlı etimadı vurğulayıb. Təşkilat daxilində institusional inkişaf, müntəzəm zirvə görüşləri və qeyri-rəsmi görüşlərin ənənəyə çevrilməsi onun çevik və effektiv fəaliyyətini nümayiş etdirir. Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşü isə həm siyasi, həm də simvolik baxımdan birliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Novruzəli Aslanov həmçinin Türk Dövlətləri Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısının əhəmiyyətini qeyd edib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın milli cəmiyyətlərinin iştirakı ilə keçirilən toplantıda 2026-cı il üzrə “Qırmızı Şəbəkə” platformasına sədrlik AzQAC-a keçib və hazırda o, bu vəzifəni icra edir.
Deputat bildirib ki, aprelin 2-də keçirilmiş toplantının əsas prioritet istiqamətlərindən biri iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi olub: “Orta Dəhliz, Trans-Xəzər və Zəngəzur dəhlizləri Türk dövlətlərinin geoiqtisadi mövqeyini gücləndirən strateji layihələrdir. Bu marşrutlar qlobal ticarət sistemində mühüm alternativlər kimi çıxış edir və onların əhəmiyyəti indiki geosiyasi şəraitdə daha da artır.”
Sonda Novruzəli Aslanov bildirib ki, bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı qarşıdakı dövrdə həm regional, həm də qlobal səviyyədə daha fəal və təsirli rol oynayacaq və bu, yalnız ortaq maraqlara deyil, eyni zamanda ortaq dəyərlərə və vahid strateji baxışa əsaslanan əməkdaşlığın nəticəsi olacaq.