( Nəsimini, Babəki, Beyrəyi və onların film-heykəllərini yonub yaddaşımıza elə həmin obrazlar kimi həkk olan Rasim Balayevi düşündüm…)
Qışdan təzəcə çıxmışıq
Küləyi yazdan sevirik.
Qəribə adamıq vallah
İtirib sonra sevirik.
Birdən birə at oynadır
Başında çalpo fikirlər
İçində qəlpə fikirlər
Boz -qara kölgə fikirlər…
Paxıllıq, həsəd, ya nəsə
Qoymur sözü düz deyəsən
Əyriləri əyri kimi
Düzləri də düz görəsən…
Elə ki, sönür işığın
Elə ki, dolur gözləri
Doğmaların, əzizlərin..,
Açılır tərif kitabı
Bağlanır günah dəftəri…
Sağlığında duymadığı
Xoş sözlər yağır üstünə…
Heyif indi bu sözlər də
Dayanır onun qəsdinə…
Yağışı qışdan sevirik…
Küləyi yazdan.
Alovu közdən sevirik
Arını baldan.
Adamı dildən sevirik ,
Meyvəni güldən…
Amma qəribə adamıq
Ən yaxşı adamları da
Elə ölümdən sevirik.
Müəllif: Şahnaz Şahin
Mənbə: Azərbaycan.media
