Biləsuvar torpağının insanları həmişə mərdlikləri, qorxmazlıqları və çeviklikləri ilə seçilib. Vətənin dar ayaqda qaldığı, çətin günlərində xilası üçün rayonumuzun gənc oğulları əvəzsiz xidmət göstəriblər.
Bu torpaq tarix boyu qəhrəmanlar yetişdirən, igidlik salnaməsi yazan yurd kimi tanınıb. Biləsuvar yalnız coğrafi məkan deyil, həm də milli ruhun, vətənpərvərliyin, qeyrətin ünvanıdır. Burada böyüyən hər bir övladın qanında Vətən sevgisi, ruhunda mübarizlik yaşayır.
İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində Biləsuvarın igidləri qanları ilə adlarını Vətən tarixinin yaddaşına yazdılar. Onlar özlərini Vətənin ürəyində ucalan dağ kimi nümayiş etdirdilər. Vətən, onların şücaətinə və nümunəvi qəhrəmanlıqlarına görə onlara “oğul” dedi.
Tarixin müxtəlif dönəmlərində bu torpaqdan çıxan igidlər yalnız silahla deyil, həm də mənəviyyatları ilə düşmənə qalib gəliblər. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün bir məktəb, bir örnəkdir.
Bu gün azad Qarabağımızda bayrağımız dalğalanırsa, insanlarımız orada rahat gəzə bilirsə, bunun üçün biz qəhrəmanlarımızın, qazilərimizin fədakarlığına borcluyuq. İgidlərimiz və şəhidlərimiz haqqında nə qədər yazsaq da, onların misilsiz xidmətlərini tam ifadə edə bilmək mümkün deyil. Çünki borcumuz yalnız ödəməklə bitmir. Qəhrəmanlarımızın Vətənə sevgisi, yurda və torpağa məhəbbəti elə genişdir ki, bir dünyaya sığmaz. Onların fədakarlığı sayəsində bu gün başımız dikdir, alnımız açıq, üzümüz ağdır.
Bu qəhrəmanlıq ruhu yalnız müharibə meydanında deyil, xalqın yaddaşında, ədəbiyyatında, musiqisində də yaşayır. Hər bir yazı, hər bir şeir, hər bir nəğmə bu böyük zəfərin və o zəfəri bizə yaşadan insanların xatirəsini əbədiləşdirir.
Zəfərimizin əsas səbəbkarları sizsiniz, əziz qəhrəmanlarımız! Hər biriniz Mübariz İbrahimovun davamçılarısınız—o sizə yol göstərdi, siz onun izi ilə irəlilədiniz.
Onun açdığı yol bir qəhrəmanlıq məktəbinə çevrildi və bu məktəbin yetirmələri Vətən müharibəsində tarix yazdılar. Bu gün hər bir Azərbaycan gənci üçün Mübariz adı sadəcə bir insan deyil, bir idealdır.
Xatırlayıram, İkinci Qarabağ müharibəsində nə qədər gənc könüllü döyüşə getmək istəyirdi. Biləsuvar Rayon Hərbi Komissarlığının qarşısında toplanmışdılar—hamısının bir məqsədi, bir məramı vardı. Onlar tələsirdilər ki, torpaqlarımızı mənfur düşmənin tapdağından, yağıların əsarətindən xilas etsinlər.
O anlar sadəcə bir səfərbərlik yox, bir xalqın ayağa qalxması idi. Hər bir gəncin gözündə qələbə işığı, qəlbində isə yalnız Vətən sevgisi var idi.
Vallah, o gənclərin arasında elələri var idi ki, hələ üzləri ülgüc görməmişdi. Məsum, uşaq görkəmləri vardı, lakin içlərindəki qeyrət, güc, cəsarət—bir 50 yaşlı kişinin qətiyyətindən daha üstün idi.
Bu mənzərə xalqımızın ruhunun nə qədər güclü olduğunu bir daha sübut edirdi. Yaş fərqi olmadan hər kəsin bir amal uğrunda birləşməsi nadir tarixi anlardan biri idi.
Biləsuvarda hər ailə öz övladına aşılayır: bizim bir düşmənimiz var. Bəli, biz bunu heç vaxt unutmamalıyıq. O düşmən ermənilərdir. Bu həqiqəti yadda saxlayın—bir dəfəlik qulağınıza sırğa edin! Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 67 nəfər şəhidlik zirvəsinə ucaldı.
Bu rəqəmlər sadəcə statistika deyil—hər biri bir ailənin taleyi, bir ananın göz yaşı, bir xalqın yaddaşıdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş səfərbərlik nəticəsində Biləsuvar rayonundan 850 nəfərdən artıq həmyerlimiz orduya cəlb olundu—bəziləri səfərbərliklə, bəziləri isə könüllü olaraq.
Bu, Biləsuvarın Vətən qarşısında necə böyük məsuliyyət hiss etdiyinin bariz göstəricisi idi.
Onların içərisində polkovniklər, leytenantlar da var idi. Əzmlə, iradə ilə, dözümlə hamısı arxa cəbhədə yox, ön cəbhədə vuruşmaq istəyirdi. Heç nədən, heç kimdən qorxmurdular, ölümün gözünə dik baxırdılar. Ürəkləri yalnız Vətən üçün döyünürdü. Onların tək bir amalı, bir məqsədi vardı: torpaqlarımızı düşmənin əlindən xilas etmək!
Bu ruh Azərbaycan əsgərinin sarsılmaz iradəsinin ən parlaq nümunəsi idi.
Bu çox böyük fürsət idi—Ali Baş Komandanın əmri ilə ordumuz döyüşə atıldı. Ölüm-dirim savaşı idi. Müharibədə ölmək də var, yaralanmaq da, itkin düşmək də. Amma igidlərimizin qəlbində qorxu yox idi. Onlar “Ya Allah” deyərək özlərini düşmənin qarşısına atırdılar. “Bizə nə olsa da, qoy olsun! Təki Vətən sağ olsun!” deyirdilər.
Bu sözlər təkcə bir çağırış deyil, bir millətin inancının ifadəsi idi.
Biz belə oğullar böyütdük—Vətən üçün, yurd-yuva üçün! Bizi biz edən, bu torpağa namusunu və şərəfini bağışlayan elə o igidlər oldu. Onlar qanları ilə torpaq üstünə “Vətən” sözünü yazdılar. Qarabağın hər küçəsində, hər məhləsində vuruşaraq təbii sərvətlərimizi, bulaqlarımızı, çaylarımızı, dağlarımızı, gül-çiçəkli bağlarımızı, Xarı bülbül gülünü, İsa bulağını, Cıdır düzünü —daha nələri, nələri bizə qaytardılar.
Onların qazandığı qələbə yalnız torpaqların azadlığı deyil, həm də milli qürurun bərpası idi.
Ən əsası isə bizi—bizə, özümüzü—özümüzə qaytardılar. Dünənə kimi şeirlərimizdə, yazılarımızda bədbinlik hiss olunurdu. İndi isə misralarımız nikbin notlarla köklənib. Artıq biz vüqarlı dağları xatırladırıq—eyni Qarabağımızın ucalan zirvələri kimi.
Bu dəyişiklik təkcə ədəbiyyatda deyil, xalqın ruhunda baş verdi.
Bu gün hamımız sevinirik! Çox sevinirik ki, Qarabağın dağlarının başı qara dumana bürünmür. İndi o zirvələri ağappaq, bəmbəyaz duman örtüb. Qarabağ artıq yas paltarını çıxarıb, onun yerinə bəyaz gəlinlik geyinib. Torpaqlarımız rahat nəfəs alır.
Bu mənzərə illərlə gözlənilən arzuların gerçəkləşməsidir.
Şuşa, Xankəndi, Xocalı, Ağdam, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı—hər biri öz görkəmini, öz əzəmətini geri alıb. Otuz ildən sonra Vətən yenidən Vətən oldu! Əlbəttə ki, Ali Baş Komandanımızın və müzəffər ordumuzun qüdrəti sayəsində.
Bu qələbə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yadda qalacaq.
İkinci Qarabağ müharibəsində igidlərimizin inadını, fədakarlığını gördüm—və sevdim! Onların bu inadkarlığı olmasaydı, bəlkə də biz bu gün Qarabağda olmazdıq.
Bu inad xalqın iradəsinin təcəssümü idi.
Onlar gözümüzdə elə ucaldılar ki… Şax duruşlarına, boy-buxunlarına baxanda sanki əzəmətli, uca bir dağ görürdüm. Bizim Vətən oğullarımız o qədər məğrur, qürurlu idilər ki, ruhları sarsılmaz qaya kimi yüksəlirdi.
Bu obrazlar yaddaşımızda əbədi yaşayacaq.
Həm də bu gün ona sevinirəm ki, qəhrəmanlarımız gələcək nəsillərin yanında bizi üzü kölgəli, gözü pərdəli qoymadılar. Çox şükür ki, Yaradan qara buludları başımızın üstündən çəkdi, qara dumanları yolumuzdan ilim-ilim yox etdi!
Bu, bir xalqın taleyində dönüş nöqtəsi idi.
İkinci Qarabağ müharibəsində hər kəs öz sahəsində bir əsgər idi. Biz də öz sahəmizdə—yazdığımız şeirlərlə, nəğmələrlə, poemalarla—öz səngərimizdə döyüşürdük. Bizim qələmlərimiz yalnız Qarabağ haqqında yazırdı!
Ədəbiyyat bu müharibədə mənəvi silaha çevrildi.
Və mən də sevinirəm ki, azad Qarabağımıza çoxlu şeirlər, nəğmələr, poemalar, hekayələr və yazılar həsr edə bildim.
Şuşanın azad olunması münasibətilə ilk zəfər nəğməsini – “Qarabağ–Şuşa” adlı əsəri biz ərsəyə gətirdik. Mahnının sözləri mənimdir, musiqisi Nadir Əzimova məxsusdur və əsər Xalq artisti Brilliant Dadaşovanın ifasında təqdim olunub.
“Səndən sonra sənsiz Yusif” adlı əsərimizi isə şəhid Yusif bəyə ithaf etdik. Bu əsərin də sözləri mənimdir, musiqisi Nadir Əzimova məxsusdur və Əməkdar artist Gülüstan Əliyevanın ifasında səsləndirilib.
Zəfər Gününün beş illiyi münasibətilə “Vətən üçün doğulanlar” adlı kompozisiyanı ərsəyə gətirdik. Sözləri mənimdir, musiqisi Natiq Qəzənfəroğluna məxsusdur. Mahnını Xalq artisti Alim Qasımov ifa edib, şeirim isə Xalq artisti Mehriban Zəki tərəfindən səsləndirilib.
Bu yaradıcılıq nümunələri xalqın yaddaşında qəhrəmanlıq salnaməsi kimi yaşayacaq.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
ALLAH QAZİLƏRİMİZİ QORUSUN!

Biz qorxmuruq Vətən üçün ölməkdən
(Qazilərə)
Qarabağı azad etdik yağıdan,
Düşmənlərə vermədik ki, bir aman.
Yaralanıb biz olsaq da yarımcan,
Biz qorxmuruq Vətən üçün ölməkdən!
Mübarizik, Poladlarıq, ərənik,
El yolunda canı qurban verənik.
Ölümləri gözümüzlə görənik,
Biz qorxmuruq Vətən üçün ölməkdən!
Gözəl, göyçək, uca dağı, çəməni,
Xilas etdik ana yurdum biz səni.
Anamızdan ayırmırıq Vətəni,
Biz qorxmuruq Vətən üçün ölməkdən!
Düşmənlərin gözlərinin odunu,
Biz alaraq, zəhər etdik aşını.
Daşısaq da indi qazi adını,
Biz qorxmuruq Vətən üçün ölməkdən!
İndi azad gəzirik biz dağında,
Özümüzük həm solunda, sağında.
Vətən, Şuşa kimi tacın başında,
Biz qorxmuruq Vətən üçün ölməkdən!
Mərd igidlər çıxır Biləsuvardan!
Ay nankor erməni, ay satqın, alçaq,
Burax əllərindən bizimdi torpaq.
Paşinyan gözünü aç yaxşıca bax,
Mərd igidlər çıxır Biləsuvardan!
Ən çox şəhid verdi canım torpağım,
Şuşada sancıldı şanlı bayrağım.
Dərsini verməyə düşmən alçağın,
Mərd igidlər çıxır Biləsuvardan!
Şükür sonu oldu bu müsibətin,
Zəfərlər də çaldı məğrur dövlətim!
Yağılar düşünsün son aqibətin,
Mərd igidlər çıxır Biləsuvardan!
Mübariz, Rəşadlar böyüdür Vətən,
Hər biri yağının bağrını didən.
Açsın kar qulağın eşitsin düşmən,
Mərd igidlər çıxır Biləsuvardan!
Biz yaşatmalıyıq qəhrəmanları
Doğulub, böyüyüb var olmuşuqsa,
Hər arzuya çatıb, ucalmışıqsa.
Onlara borcluyuq sağ qalmışıqsa,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətən, el yolunda vuruşanları.
Bəstəkar nəğmədə, şair sözündə,
Analar ruhunda, görən gözündə.
Prezident söylədi sözün düzün də,
Biz yaşatmalıyıq qəhrəmanları,
Gəncikən torpağa qarışanları.
Tökülən qanıyla alındı torpaq,
Şəhid qanlarıyla sulandı torpaq.
Ucaldı göylərə üçrəngli bayraq!
Biz yaşatmalıyıq qəhrəmanları,
Azərbaycan üçün ölən canları.
Göyə bülənd olsun zəfər nəğməsi,
Səslənsin evlərdən sevinc müjdəsi.
Qalsın yaddaşlarda şəhid kəlməsi!
Biz yaşatmalıyıq qəhrəmanları,
Cənab İlhamları, Ərdoğanları.
Lap günü bu gündən heç yatmaq olmaz,
İgid ogulları unutmaq olmaz.
Bir nüansı yaddan çıxarmaq olmaz:
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətəndə tarixi düz yazanları.
Düzü düzümüzə qaytaranları,
Sözü sözümüzə qaytaranları.
Bizi özümüzə qaytaranları,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətənçün, yurd üçün çalışanları.
Yurdun əsgəri
Qələbə müjdəli xəbərlərdən de,
Artıq azad olan şəhərlərdən de.
Vətən tarix yazır zəfərlərdən de,
Özünə ev bilib soyuq səngəri,
Zəfərin mübarək yurdun əsgəri!
Xalqının gözünü yollardan yığan,
Söz ilə düşməni sıxaraq,boğan.
Tapıldı o, şəxslər İlham, Ərdoğan,
Qoruyaq dəyərli iki rəhbəri,
Zəfərin mübarək yurdun əsgəri !
Ali Baş Komandan min əhsən sizə,
Ordumuzla ağ gün gətirdin bizə.
Qaliblik yaraşır bu ölkəmizə,
Gördüm əsgərlərdə qeyrət,hünəri,
Zəfərin mübarək yurdun əsgəri!
Düşmən çəpərini qırdın əlinlə,
Bağrını deşərək, yardın əlinlə.
Torpağın yarasın sardın əlinlə,
Şükür məğlub etdin sən düşmənləri,
Zəfərin mübarək yurdun əsgəri!
Ay Çingiz, Mübariz, Rəşad ruhun şad,
Uğrunda öldüyün Qarabağ azad.
Ordumla gözəldir Şuşada həyat,
Təkcə mən demirəm deyir,minləri,
Zəfərin mübarək yurdun əsgəri!
Yetər, bacım, yetər, döz…
Şəhid qardaşlarımızın, itgin düşən qardaşlarımızın analarına, bacılarına, həyat yoldaşlarına, sevdiyi qızlara bu şeirim təsəlli kimi olsun.
Bu həsrət də bir anlıq,
Bitər, bacım, bitər,döz.
Qəribanlıq, tənhalıq,
Ötər, bacım, ötər, döz.
Geri dönər itənin,
Toya dönər matəmin.
Sonu çatar sitəmin,
Gedər, bacım, gedər, döz.
Yaza dönər soyuq qış,
Ötüb keçər qar – yağış.
O həsrətli, bir baxış,
İtər, bacım, itər, döz.
Gələr sevinc zamanı,
Eh, neynirsən ad – sanı?
Dünya fani, nə fani!
Betər, bacım, betər, döz.
Pozma qəlbdə nizamı,
Almazsan ki, sən kamı.
Dəli edir adamı,
Kədər, bacım, kədər, döz.
Lətafətli gül olsan,
Eşq yolunda kül olsan.
Məhəbbətə qul olsan,
Hədər, bacım, hədər, döz.
Sən unutma yarını,
Dərəcəksən barını.
Həyat, aldıqlarını,
Ödər, bacım, ödər döz.
Dünyaya açsan qucaq,
Sönə bilməz od- ocaq!
Hər şey yaxşı olacaq,
Yetər, bacım, yetər, döz…
Azərbaycan can, bayrağım
Üstündəki qırmızı rəng şəhidlərin al qanıdır,
Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdır.
Bayraqların birincisi, bir incisi, sultanıdı,
Azərbaycan can, bayrağım!
Libas bilib əynimizə səni çox vaxt geyinmişik,
Sənin ilə qürrələnib, sənin ilə öyünmüşük.
Biz səndəki məğrurluğu, enməzliyi bəyənmişik,
Azərbaycan can,bayrağım!
Sən Çingizə, Mübarizə ölüm günü kəfən oldun,
Ah! Nə qədər ölümlərlə bizlə yasa batan oldun.
Sən ayrıca ana, ata, sən ayrıca vətən oldun,
Azərbaycan can, bayrağım!
Şuşamızda zirvələrdə asılıbdı enməz, enməz,
Üstündəki ay-ulduzla hey parlayır sönməz, sönməz.
Rəhbər cənab İlham kimi qədrini də kimsə bilməz,
Azərbaycan can, bayrağım!
Şah Xətai, Məmmədəmin, Heydər baba yadigarı,
Nə yaxşı ki, bizimkisən bəzəyirsən bu diyarı.
Sənin ilə qazanmışıq çox zəfəri, şöhrət, varı,
Azərbaycan can, bayrağım!
Anamızsan, atamızsan, qardaşımız, bacımızsan,
Başımızda bər-bəzəkli, ən qiymətli tacımızsan.
Canımızda qüvvətimiz, ağrımızsan, acımızsan,
Azərbaycan can, bayrağım!
Şuşa kimi elim Vətən
Anam qədər mənə yaxın,
Azad oldu Qarabağım.
O sinəsi barlı bağım,
Şuşa kimi elim Vətən!
Ən ətirli, gül bağından,
Sönməyən od- ocağından.
Bərəkətli torpağından,
Qüvvət aldı qolum Vətən!
Gerb, üçrəngli bayrağından,
Kəpəzindən, Şahdağından.
Çilçıraqlı çırağından,
İşıqlandı yolum Vətən!
Çıxdın sən də bir ağ günə,
Düşmə bir də duman-çənə.
Nəğmə qoşdum mən də sənə,
Sevə-sevə gülüm Vətən!
Ömrüm-günüm, ağ gündüzüm,
Qurban olum sənə özüm.
Dodağımda şirin sözüm,
Ey nəğməli dilim Vətən!
Mübarizim!
Ellər gəzdi məharətin,
Alqışlandı cəsarətin.
Qazandın xalq məhəbbətin,
Vətən oğlu Mübarizim!
Mərd qəhrəman pələng, şirdin,
Nəbi, Babək, Cavanşirdin.
Neçə düşmən yerə sərdin,
Vətən oğlu Mübarizim!
Uçulmayan söz qalamsan,
Uca zirvəm, düz qalamsan.
Qardaş mənim Bəzz qalamsan,
Vətən oğlu Mübarizim!
Pozulmayan nizamımsan,
Şerin şahı Nizamimsən.
Əbədi solmaz yazımsan,
Vətən oğlu Mübarizim!
Daha Qarabağda qış olmayacaq
İçimizdə bahar, içimizdə yay,
Daha Qarabağda qış olmayacaq.
Yar orda içərik şirniyyatla çay,
Daha Qarabağda qış olmayacaq!
Çox da dağlarında dümağ qarı var,
Lap ölü dirildən dadlı barı var.
İsti sularının şəfaları var,
Daha Qarabağda qış olmayacaq!
Şər bizdən uzaqdı, bizimdi xeyir,
Könlüm düşünəni ağlım da deyir.
Öncəgörənliyim belə söyləyir,
Daha Qarabağda qış olmayacaq!
Qoşulub dostlara lap mən özüm də,
Şənlənib, güləcəm sevinc üzümdə.
Yallı gedəcəyik Cıdır düzündə,
Daha Qarabağda qış olmayacaq!
Təmiz havasından udacağıq biz,
Vallah, olmayacaq xəstəliyimiz.
Parlaq olacaqdı gələcəyimiz,
Daha Qarabağda qış olmayacaq!
Ay Fuad, ömürlük köç Qarabağa,
Orda sənə heç nə olmaz qadağa.
Üzünü, gözünü sürt o torpağa,
Daha Qarabağda qış olmayacaq!
Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
