Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov müəllimlərin sertifikatlaşdırılması və əməkhaqqı sistemi ilə bağlı yeni təkliflərin irəli sürüldüyünü açıqlayıb.
Deputat bildirib ki, hazırkı qaydalara əsasən müəllimlər yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur. O, təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin. Bu yanaşmanın müəllimlər üzərində psixoloji yükü azaldacağı və vaxt itkisini minimuma endirəcəyi qeyd olunub.
Vüqar Bayramovun sözlərinə görə, sertifikatlaşdırma nəticələrinin əməkhaqqına təsiri də təkmilləşdirilməlidir. Hazırda 51 və daha çox bal toplayan müəllimlərin maaşı 35%, 30–50 bal arası nəticə göstərənlərin maaşı isə 10% artırılır.
Yeni təklifə əsasən isə qiymətləndirmə sistemi daha ədalətli və beynəlxalq təcrübəyə uyğun qurulmalıdır. Belə ki, 80% və daha yüksək nəticə göstərən müəllimlərin maaşının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər.
Deputat vurğulayıb ki, bu dəyişikliklər minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, motivasiyanın artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər.
Bundan əlavə, minimum əməkhaqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi təklifi də səsləndirilib. Onun fikrincə, bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılması və iqtisadi sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
