🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mehdiabad məktəbində təhlükə: binada çatlar aşkarlandı, tədris dayandırıldı

Azərbaycan.media xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, mümkün xoşagəlməz halların qarşısını almaq və məktəb binasının təhlükəsiz istismarını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.
Qərara əsasən, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün şagirdlər yaxın ərazidə yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilərək dərslərə cəlb olunurlar.
Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərini araşdırır, həmçinin zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd olunub ki, vəziyyət nəzarətdə saxlanılır və görülən işlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.